Xaçmaz rayonu ərazisində yerləşən "CTF" firmasına məxsus "Nabran" istirahət mərkəzində baş vermiş bədbəxt hadisənin səbəblərini araşdırmaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılan Monitorinq komissiyası hadisə yerinə ezam olunub. SİA-nın məlumatına görə, müəssisənin fəaliyyətini, mövcud şəraiti, təhlükəsizlik qaydalarına hansı səviyyədə əməl olunmasını və digər göstəriciləri ətraflı araşdıran komissiya bu sahədə ciddi nöqsanlar aşkar edib və müəssisənin fəaliyyətinin dayandırılmasını tövsiyə edib.
Bununla əlaqədar olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən onun fəaliyyətinə verilən xüsusi razılığın (lisenziyanın) ləğv edilməsi barədə əmr verilib. Hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən respublika ərazisində fəaliyyət göstərən müvafiq müəssisələrdə hovuzlardan təhlükəsiz istifadə qaydaları hazırlanan və 5 gün ərzində icra olunmasını təmin etmək məqsədilə sahibkarlara göndərilib. Qaydalar icra olunmadığı təqdirdə müəssisə turistlərin təhlükəsizliyinin təmin edilməməsi səbəbilə müvafiq sanksiyalara məruz qalacaq. Belə olan halda hətta müəssisənin fəaliyyətinə xitam da verilə bilər. Bu qaydalara əməl olunmasına nəzarət Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları tərəfindən "məxfi qonaq" sistemi üzrə həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB