Millət vəkili dini icmaları fəal olmağa çağırıb FOTO

Qənirə Paşayeva dini icmaları erkən nikahlar, ailədaxili zorakılıq, qadına şiddət, narkomaniyaya qarşı mübarizədə daha fəal rol oynamağa çağırıb
Millət vəkili dini icmaları fəal olmağa çağırıb FOTO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun iştirakı ilə keçirilən "Dini icmaların sosial layihələrinə dəstək" mövzusunda müsabiqəsinin təqdimat mərasimi və iftar yeməyində çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş dini icmaların təmsilçiləri ilə birlikdə iftar süfrəsi arxasında və belə bir önəmli layihənin təqdimatında görünməkdən məmnun olduğunu bildirib. O, hər kəsi müqəddəs Ramazan ayı münasibəti ilə təbrik edib, onlara oruc və dualarının qəbul olunmasını diləyib. SİA-nın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (İKGF) və Avrasiya Regional Mərkəzi tərəfindən həyata keçirilən layihənin çox əhəmiyyətli olduğunu deyən Qənirə Paşayeva, dövlətin bu istiqamətdə dəstəyini yüksək dəyərləndirib.

Millət vəkili Qənirə Paşayeva dini icmaların bu layihələrdən yararlanaraq cəmiyyətdə narahatlıq doğuran məsələlərlə bağlı mübarizədə daha fəal olmağa səsləyib. O bildirib ki, dinimiz, müqəddəs kitabımız "Qurani Kərim" insanları elmə, oxumağa, öyrənməyə səsləyir: "Ona görə də dini icmalar qızlarımızın təhsil almasının önəmi ilə bağlı cəmiyyətdə maarifləndirilmənin aparılmasına dəstək verməklə yanaşı, erkən nikahlar kimi zərərli hallara qarşı da səslərini ucaltmalıdırlar. Bizim dinimizdə və müqəddəs kitabımızda qadına çox böyük dəyər verilir, cənnət anaların ayaqları altındadır deyilir. Ona görə də dini icmalarımız qadınlara qarşı zorakılıq, ailə daxili zorakılığa qarşı mübarizədə ön sıralarda olmalıdırlar".

Qənirə Paşayeva bölgələrdən gələn dini icmaları gənclər arasında yayılan narkomaniya, tütün məhsullarından istifadəyə qarşı mübarizə istiqamətində maarifləndirmə işlərində də önəmli rol oynamağa çağırıb. O, bölgələrdə kimsəsiz insanlara, yetim uşaqlara, tənha analara dəstək və qayğının hər bir insanın bir insanlıq borcu olduğunu bildirərək gənclər arasında bu istiqamətlərdə mənəvi mühitin sağlamlaşdırılmasında da dini icmaların üzərinə böyük vəzifələr düşdüyünü deyib: "Cahillik ən böyük bəladır, dini icmalarımız insanları daim elmə, biliyə, oxuyub-öyrənməyə səsləməli və maarifləndirmədə böyük rol oynamalıdır. İslam dini və onun müqəddəs kitabı "Qurani-Kərim" bizə məhz bunu buyurur".

Millət vəkili dini icmaları həm də diqqətli olmağa, millətimiz arasında nifaq, fitnə salmaq istəyən güclərə niyyətlərini həyata keçirməyə imkan verməməyə çağırıb: "Dini baxışlarına görə insanlar arasında müəyyən fərqlər ola bilər, amma buna baxmayaraq biz bir-birimizə sevgi və anlayışla yanaşmalı və nifrət, nifaq, fitnə salmaq istəyənlərə imkan verməməliyik. Unutmamalıyıq ki, bu istiqamətdə arta biləcək zidiyyətlər bir millət olaraq hamımıza eyni zamanda dövlətimizə, vətənimizə böyük zərər vura bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə