Din-dövlət münasibətlərində yeni mərhələ

DQİDK dini icmaların sosial problemlərin həllinə cəlb edilməsi istiqamətində mühüm addım atdı
Din-dövlət münasibətlərində yeni mərhələ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən Respublikanın müxtəlif bölgələrindən, o cümlədən Bakı şəhərində fəaliyyət göstərən ən aktiv dini icmalarının nümayəndələrinin, tanınmış ilahiyyatçıların, ictimaiyyət nümayəndələrinin iştirakı "Dini icmaların sosial layihələrinə dəstək" mövzusunda müsabiqəsinin təqdimatı keçirilib. Dövlət Komitədən SİA-ya verilən məlumata görə, müsabiqə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi ilə birgə həyata keçiriləcək.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov dini icmaların nümayəndələrini Ramazan ayı münasibəti ilə təbrik edərək bildirib ki, cəmiyyətdə sağlam dini maarifçiliyə böyük ehtiyac duyulur. Bu baxımdan Ramazan ayı gözəl fürsətdir və dini icmalar milli-mənəvi dəyərlərimizin təbliği, maarifçilik işinin mərkəzində dayanmalıdır. Yəni insanlar məscidə təkcə ibadət evi kimi deyil, həm də maarifləndirici məkan kimi baxmalıdırlar. Ona görə də, bu sahədə dini icmaların və din xadimlərinin üzərinə böyük məsuliyyət və missiya düşür: "Ramazan vəhdət, qardaşlıq və yardımlaşma ayıdır. Bu ayda birliyimizin, o cümlədən cəmiyyətdə ictimai həmrəyliyin güclənməsinin ən vacib üsullarından biri sosial problemlərin həllində birgə iştirakdır. Ramazan ayında icmalar təbliğatlarını təkcə dini məsələlər ətrafında deyil, həm də vətənimizin, dövlətimizin və cəmiyyətimiz üçün ümummilli maraqlar müstəvisində qurmalıdırlar. Bu baxımdan icmalar dövlət qurumları və cəmiyyətlə birgə fəaliyyət göstərdikləri bölgələrin sosial problemlərinin həllində fəal iştirak etməlidirlər. Həmçinin fəaliyyətlərində ərazi bütövlüyümüz uğrunda həlak olan şəhidlərimiz, onların ailələri, qazilərimiz ön planda olmalı, xütbələrdə, dualarda onlar həmişə uca tutulmalıdır".

Dövlət Komitəsinin sədri qeyd edib ki, son bir ildə ölkəmizdə fəaliyyət göstərən dini icmaların cəmiyyətə inteqrasiyasında ciddi irəliləyişlər var: "Biz bunu həm regionlarda, həm də Bakıda müşahidə edirik. Dini İcmaların Dövlət Komitəsi tərəfindən keçirilən müxtəlif tədbirlərdə, layihələrdə iştirakı onların cəmiyyətə daha çox inteqrasiya olmasına səbəb olub. O cümlədən artıq dini icmaların nümayəndələrinin fəaliyyətləri əvvəllər yalnız məscidlərlə məhdudlaşırdısa, bu gün icmaların səsi artıq konfransları, zalları, iməcilik, idman turnirləri və vətənpərvərlik sahəsindəki tədbirlərdən gəlir. Artıq dini icmalar cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər".

Sosial layihələrə dəstək proqramından danışan Elşad İsgəndərov bildirib ki, Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə Azərbaycanda fəaliyyət göstərən dini icmalar üçün sosial layihələrə dəstək sahəsində müsabiqəsinin əsas məqsədi dini icmaların və dindarların cəmiyyətə inteqrasiya olunması, onların cəmiyyət həyatında konstruktiv iştirakının gücləndirilməsi, dini icmaların sosial həyatda faydalı fəaliyyətə cəlb olunması, eləcə də ölkəmizdə dözümlülük prinsiplərinin artırılmasıdır: "Bu layihələr müxtəlif formalarda ola bilər. Məsələn, ekologiya sahəsi üzrə ətraf mühitin təmizlənməsi, ağacəkmə kampaniyaları və s. ola bilər. Eyni zamanda dini icmalar kimsəsiz uşaqlarla bağlı layihələr təqdim edə bilərlər. Onların cəmiyyətdə öz yerini tutması istiqamətində tədbirlər həyata keçirə bilərlər. Gənclərin maarifləndirilməsi üçün müxtəlif kurslar təşkil edilə bilər. Həmçinin qadınların da bu layihələr cəlb edilməsi zəruridir. Məsələn, dini icmalar icmanın nəzdində müxtəlif kurslar təşkil edə bilərlər. Toxuculuq, tikiş kursları kimi. Bu həm orada çalışacaq qadınların cəmiyyətə inteqrasiyasını, həm də iqtisadi durumunun yaxşılaşmasını təmin edəcək".

Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev və digərləri Dövlət Komitəsinin təşəbbüsünü dövlət-din münasibətlərində yeni mərhələ kimi xarakterizə ediblər. Bildirilib ki, bu cür layihələrə dövlətin birbaşa dəstəyi bu din sahəsinə olan diqqətinin nümunəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə