Bakıda səfərdə olan Alanya Qəzetəçilər Cəmiyyətinin rəhbəri Mehmet Əli Dim və cəmiyyətin üzvləri millət vəkili Qənirə Paşayeva ilə görüşüblər. SİA-nın məlumatına görə, Azərbaycan Parlament Jurnalistlər Birliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Alanya Qəzetəçilər Cəmiyyətinin üzvlərini Bakıda görməkdən məmnun olduğunu deyən millət vəkili Qənirə Paşayeva "bir millət iki dövlət "olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini və bu əməkdaşlığın daha da genişlənməsinin hər iki ölkənin bölgədə gücünü daha da artdığını bildirib. Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımılar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə fikirlərini söyləyən millət vəkili Qənirə Paşayeva, ortaq problemlərimizin geniş şəkildə işıqlandırılması və dünya ictimaiyyətinin diqqətinə geniş şəkildə çatdırılması üçün Azərbaycanın və Türkiyənin media nümayəndələri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb: "Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. Dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Erməni yalanlarının qarşısının alınmasının tək bir yolu var – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə geniş yaymaqdır".
Millət vəkili Qənirə Paşayeva eyni zamanda Alanya Qəzetəçilər Cəmiyyətinin üzvlərinə Azərbaycan-Türkiyə əlaqələrinin bu günü və perspektivləri barədə də fikirlərini bildirib və fikir mübadiləsi aparılıb. Türkiyənin media nümayəndələri Azərbaycana səfər etməkdən məmnun olduqlarını və Azərbaycanı özlərinə çox doğma hesab etdiklərini bildiriblər. Sonra millət vəkili Qənirə Paşayeva Alanya Qəzetəçilər Cəmiyyətinin üzvlərinin suallarını cavablandırıb və geniş fikir mübadiləsi aparılıb. Görüşdə Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı və təşkilatın bir sıra üzvləri də iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB