ASAN Səyyar xidməti Astarada

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən "ASAN xidmət" mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edirlər.

SİA-ya verilən məlumata görə, ASAN Səyyar Xidmət 2 istiqamət üzrə göstərilməkdədir. Şimal istiqamətində avtobuslar İsmayıllı, Qəbələ, Şəki və digər rayonlara, cənub istiqamətində isə Lənkəran, Masallı və digərlərinə səfər edəcəklər.

Artıq Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində Şirvan və Hacıqabul, Sabirabad rayonunda Sabirabad və Saatlı, Şamaxı şəhərində Şamaxı, Qobustan və Ağsu, Salyan rayonunda Salyan və Neftçala, İsmayıllı rayonunda isə İsmayıllı rayonunun sakinlərinə ASAN Səyyar Xidmət göstərilib.

Qeyd edək ki, 23 iyul - 3 avqust tarixində Astara rayonunun ümumi sayı 100000-dən çox olan sakini ASAN Səyyar Xidmətdən yararlana biləcək. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunacaq.

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi

Sürücülük vəsiqələrinin dəyişdirilməsi

Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi

Əmək pensiyalarının təyin edilməsi

Yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarılışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi

ASAN Səyyar Xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə