Ağdamda yürüş-mitinq keçirilib

Ağdamda yürüş-mitinq keçirilib

Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar yürüş-mitinq keçirilib. Mitinqdə 10 mindən çox insan iştirak edib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, 10 mindən artıq sakinin – rayon rəhbərliyinin, şəhid ailələri, müharibə veteranları və əlillərin, məktəblilərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi yürüşdə Ermənistanın işğalçılıq siyasətini pisləyən, işğal altındakı torpaqların azad edilməsindən və doğma yurdlarımıza qayıtmaq istəklərindən bəhs edən şüarlar səsləndiriblər.

Mərasim iştirakçıları abidə kompleksi önünə gül-çiçək dəstələri düzərək, şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər və ruhlarına dualar oxuyublar.

Mərasimdə çıxış edənlər 1990-cı illərin əvvəllərində baş verən hadisələrdən, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışıblar. Bildirilib ki, Ermənistanın Qarabağın dağlıq hissəsini işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibənin əsas çətinlikləri Ağdam rayonunun, onun əhalisinin üzərinə düşüb.

Qarabağ müharibəsinin bütün ağrılarını çiyinlərində daşıyan Ağdam düşmənə qarşı 5 illik savaşda minlərlə şəhidlər verib. Qəhrəmanlar şəhəri kimi tanınan Ağdamda 6 mindən çox şəhid var. Torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş Ağdamlılardan 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qeyd edək ki, 1993-cü il iyulun 23-də Ağdam şəhəri erməni təcavüzkarları tərəfindən işğal olunub. Erməni silahlı quldur dəstələri rayonun 1154 kv/kilometrlik ərazisinin 77,4 faizini – bir şəhər, 1 qəsəbə, 82 kəndi işğal edərək vəhşicəsinə talan ediblər, dağıdıblar və ya yandırıblar.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə