Mənzil alan jurnalistlərin xoş təəssüratları SORĞU

Mənzil alan jurnalistlərin xoş təəssüratları SORĞU

2010-cu ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı tikintisinə başlanılan bina nəhayət, öz sahiblərinin istifadəsinə verildi. Milli Mətbuatın yaranmasının 138 illiyi münasibətilə keçirilən mərasimdə mənzillərin açarları jurnalistlərə təqdim olundu və 155 media nümayəndəsi mənzilinə qovuşdu. Binanın açılış mərasimində həmçinin Prezident İlham Əliyev də iştirak edib. SİA həmin binadan mənzil alan jurnalistlərin bir neçəsinin xoş təəssüratlarını sizinlə paylaşır:

İbadov Xaqani Səfər oğlu "Ayna-Zerkalo" qəzeti: "Bu mənzilləri dövlət tərəfindən jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün həyata keçirilən böyük layihə kimi qiymətləndirirəm. Hesab edirəm ki, dövlət sosial vəziyyəti ağır olan media nümayəndələrinin problemlərinin az da olsa həll olunmasına dəstək vermiş oldu. Buna görə də dövlət başçısı cənab İlham Əliyevə öz dərin minntədarlığımı çatdırıram. Mənzil alan jurnalistlər arasında mənim də adım var. Bu çox gözəl təşəbbüs idi. İstərdim ki, gələcəkdə inşa olunacaq evlərdən kənarda qalan jurnalistlər də bəhrələnə bilsinlər. Ev bölgüsünə gəlincə, hər şey tam şəffaf şəkildə həyata keçdi".

Sidorenko Yelena Mixaylovna "Xəzər" TV: "Mətbuat nümayəndələrinə mənzillərin verilməsi mərasimində iştirak edən bütün həmkarlarımın gözlərində sevinc yaşı gördüm və çox kövrəldim. Sevinirəm ki, həmin insanların arasında mən də var idim. Mətbuat günündə bundan dəyərli hədiyyə nə ola bilər? Sevindirici haldır ki, uzun illərdir çəkdiyim əziyyətə görə dəyərləndirildim. Vətənimə, dövlətimə, xalqıma və peşəmə olan sevgim məni bu sahəyə gətirib".

Bağırov Aydın Rövşən oğlu "525-ci qəzet": "Dünən Azərbaycan mətbuatının 138 illiyi təntənəli şəkildə qeyd olundu. Məhz bu gündə mətbuat tariximizdə ilk dəfə olaraq jurnalistlərə mənzillər verildi. Bu da bizim üçün iki qat bayrama çevrildi. Bütün həmkarlarım kimi, mən də olduqca sevincliyəm. Unudulmaz tarixi qərara görə ailəm adından Prezident İlham Əliyevə minnətdarlığımı çatdırıram".

Oğuz Yunus İsaxan oğlu "Olaylar" qəzeti: "Dünən Prezident İlham Əliyevin iştirak etdiyi mərasimdə bütün xoş sözlərimi dövlət başçısına çatdırdım. Bir daha cənab prezidentə təşəkkürümü çatdırıram. Qeyd edim ki, mətbuat hər zaman dövlətin diqqət və qayğısındadır. Mənzillərin məhz Mətbuat Günündə media nümayəndələrinə verilməsi həmin diqqətin bariz nümunəsidir. İnanıram ki, yeni təməli qoyulan binadan da mənzilə ehtiyacı olan jurnalistlərimiz bəhrələnəcəklər".

Süleymanov Rəşad Məhəmməd Oğlu "Azəri-Press" İA (APA): "Mənzil almağım barədə xəbəri iyulun 19-u axşam saatlarında eşitdim. Gerçəkdən çox sevindim. Bu mənim həyatımda ən əlamətdar hadisələrdən biri idi. 10 ildən artıq ki bu sahədəyəm. Xəbəri ailəmə, valideynlərimə necə çatdırdığımı xatırlamıram. Həmin gün çox həyacanlı idim. Ailəmin adından bizim sevincimizə səbəb olan cənab Prezident İlham Əliyevə təşəkkürlərimizi çatdırıram. Evsiz olan həmkarlarıma da mənzil sahibi olmalarını arzulayıram. Belə bir mənzilə sahib olmağım hazırkı şəraitdə öz imkanım hesabına mümkün deyildi. Bu mənzil ailəm üçün tarixi bir hədiyyədir və düşünürəm ki, illər ötsə də mənim ailəm bu tarixi hadisəni və hədiyyəni heç zaman unutmayacaq. Bu dünyada ən xoşum gəlməyən hal tez-tez ev dəyişmək, ev əşyalarını bir yerdən başqa yerə daşımaqdır. Allaha şükür ki, indi öz mənzilimə yığışıram və bu kirayələrdən canım qurtarır. Mənzillərin bölgüsü qaneedici idi, çünki püşkatma hamının gözü önündə şəffaf keçirildi. Hər məsələdə olduğu kimi, burada da müəyyən etirazların olması başa düşüləndir. Buna səbəb isə hamının binanın ən yaxşı mərtəbəsindən mənzil istəməsi idi. Mənzilim 9-cu mərtəbədədir. Bundan da razıyam. Fürsətdən istifadə edib mənzilə ehtiyacı olan jurnalistlərin siyahısına mənim namizədliyimi verən APA informasiya agentliyinin bütün kollektivinə və rəhbərliyinə də öz minnətdarlığımı bildirirəm".

Yusifova Sevil Şərif qızı Jurnalist Qadınlar Assosiasiyası: "Jurnalistlər üçün inşa olunan binadan mənzil almaq hər kəs kimi, məni də sevindirdi. Dünyanın heç bir ölkəsində jurnalistə ev verilmir. Dövlət tərəfindən təmirli mənzillərin verilməsi təqdirəlayiq haldır. Azərbaycanın bu sahədə bir ilkə imza atması ancaq alqışlana bilər. Düşünürəm ki, bu ənənə digər xarici ölkələrdə də istifadə olunar. Artıq jurnalistlər üçün ikinci binanın təməli qoyuldu. İnanıram ki, 2015-ci ildə evsiz jurnalist qalmayacaq".

Biz də SİA adından mənzil alan bütün həmkarlarımızı təbrik edirik. Uğurlarınız bundan sonra da davam etsin!

Bütün xəbərlər Facebook səhifəmizdə