Ombudsman əməkdaşları saxlanılan gənc fəallarla görüşüb

Ombudsman əməkdaşları saxlanılan gənc fəallarla görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları vəziyyətin araşdırılması məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında olublar. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, onlar orada saxlanılan bir sıra şəxslərlə, o cümlədən Zaur Qurbanlı, Bəxtiyar Quliyev, Üzeyir Məmmədli, Rəşadət Axundov, Şahin Novruzlu, Rəşad Həsənov, Yadigar Sadıqov və başqaları ilə görüşüblər.

Görüş zamanı Ombudsmanın nümayəndələri saxlanılan şəxslərin saxlanılma şəraiti, səhhəti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrəniblər. Qəbul edilmiş şəxslər təkbətək görüş zamanı saxlanılma şəraiti və müəssisə əməkdaşlarının rəftarı ilə bağlı hər hansı narazılıqlarını bildirməyiblər. Eyni zamanda, anasının müraciətini nəzərə alaraq, Zaur Qurbanlının səhhəti ilə əlaqədar istintaq təcridxanasının Tibbi-sanitar hissəsinin rəisi ilə söhbət aparılıb. Z.Qurbanlı barədə tibbi arayış alınıb, onun BİT-də saxlanıldığı müddət ərzində kompleks tibbi müayinələrdən keçirildiyi, həkim nəzarətində saxlanıldığı, vəziyyətinin sabit olaraq kafi olduğu, hər-hansı bir digər müayinə və müalicəyə ehtiyacı olmadığı məlum olub.

Bununla yanaşı, Ombudsman Z.Qurbanlının səhhəti ilə bağlı Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin rəisinə müraciət edib. Məlum olub ki, dəfələrlə müraciət edən Z.Qurbanlı Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müayinə edilib, ultrasəs müayinəsindən keçirilib, qan nümunələri alınmış və analizləri keçirilmişdir. Nəticədə onun əsas qan göstəricilərinin və dalağının normada olduğu müəyyən edilib və ona "Betta-talassemiya geninin daşıyıcılığı" diaqnozu təyin edilib.

Tibb baş idarəsi tərəfindən Z.Qurbanlının səhhətinin mövcud tibbi təlimata uyğun olaraq vaxtaşırı müayinə və nəzarətdə olacağı bildirilib. Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə