Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədərək oruc tutan hər kəsə öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir. Həmçinin onları gözütoxluğa, təmizliyə və vicdanlı olmağa yönəldir. Məhz bu ayda oruc tutanların sağlam bir şəkildə qidalanması olduqca vacibdir. İftarda orucu açarkən diqqət yetirməniz lazım olan bir sıra nüanslar var. Belə ki, Ramazan bayramı yaya təsadüf etdiyindən 17 saatdan artıq oruc tutmaq maddələr mübadiləsinin yavaşlamasına səbəb olur. Bundan əlavə orqanizmə yağın asan yığılmasına və həzmsizliyə gətirib çıxarır. Məhz bu səbəbdən də orucluq ayında düzgün qidalanmaq insan orqanizmi üçün çox vacibdir.
SİA-ya açıqlama verən Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov Ramazan ayında düzgün qidalanma ilə bağlı bir neçə məsləhət verib. Onun sözlərinə görə, iş rejimi ilə bağlı insanların qida rasionu müxtəlif şəkildə təşkil olunmalıdır: "Bəzi insanlar yağlı və ağır qidalanmalıdır. Bunu elə insanlar etməlidir ki, hansı ki onlar bütün günü əllərinə bel alıb yer şumlayacaqlar. Həmin insanlar çox yeməlidir ki, onlar gün ərzində çox enerji sərf edirlər. Otaq şəraitində çalışanlar isə az qida qəbul etməlidir. Buna görə də hər kəsə eyni qida rasionunu məsləhət görmək olmaz".
T. Əmiraslanov bildirib ki, səhər sahura durarkən bir damcı duzu dilin üzərinə qoyub ilıq su içməklə gün ərzində insanların əziyyət çəkdiyi susuzluq problemini qismən aradan qaldırmaq mümkündür: "Bundan sonra işə sərf edilən enerjiyə uyğun olaraq, bədəndə su saxlayan qidalar yemək daha məsləhətlidir. Gün ərzində su ifraz etdirəcək qidaları azaltmaq lazımdır. Səhər şorba yesələr daha məqsədə uyğundur. Daha sonra xaş da yemək olar. Həlim aşı da sahur vaxtına məsləhətli qidadır. Bununla yanaşı, səhər mütləq bal yeyilməlidir. Bu formada səhər sahur yeməyində qidalanmaq olar".
Kulinariya mərkəzinin prezidenti iftar vaxtı edilən günahları xüsusi diqqətə çatdıraraq oruclu insanları belə nəfsani yanlışlıqlardan çəkinməyə çağırıb: "Axşam insanlar iftara az qalmış böyük günahlar edir. Yeməyə az qalmış əl ayağa düşürlər. Bu da orucu pozmaq kimi bir şeydir. İftar vaxtına tox yanaşmaq lazımdır. Birdən birə yedikdə bu bədənə böyük zərbədir. İftar açarkən bir damcı duz və ilıq su içmək məsləhətdir. Bal və ya xurma yeməklə iftarı açmaq olar. Onların tərkibində şəkərin miqdarının çox olması qana tez təsir edir. Bu da insan orqanizmini çox rahatlaşdırır. Bundan sonra yavaş-yavaş yemək lazımdır".
Ani mədə gərginliyi, təzyiq yüksəlməsi kimi narahatlıqlarla üzləşmək istəmirsinizsə, iftar və sahurda çox yeməyin. Həddən artıq yağlı, duzlu və şirin qidalardan uzaq durun. Yanlış qidalanma Ramazanda sağlamlığınıza ziyan vura bilər. Sonda bildirmək istərdik ki, hələ bir neçə il isti yay günlərinə təsadüf edəcək Ramazan ayında hər bir müsəlmandan daha çox səbir və dözüm tələb olunur. Odur ki, bu sınaqdan uğurla çıxmağa çalışaq. Allah oruc və dualarınızı qəbul etsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB