“Gələcəyin liderləri”nə “Gənclərin seçki hazırlığı – seçki prosesi” mövzusunda təlim keçirilib
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Gələcəyin Liderləri" "Yay məktəbi"nin IV Oğuz turunun ikinci günündə Milli məclisin deputatı İlham Məmmədovun rəhbərliyi ilə "Gənclərin seçki hazırlığı – seçki prosesi" mövzusunda təlim keçirilib. SİA-nın xəbərinə görə, ilk öncə mətbuat günü münasibəti ilə media işçilərini təbrik edən millət vəkili seçkilərin bütün partiyaların gücünü nümayiş etdirdiyini qeyd edib və bildirib ki, hər bir partiya kimi Yeni Azərbaycan Partiyası da seçki ilinin təbliğat və təşviqat dövründə sosial gücünü ortaya qoyaraq öz namizədini dəstəkləyir: "Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, xüsusilə ölkəmizin beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb. Bütün bu amillər xalqımızın Prezident İlham Əliyevə inam və etimadını daha da gücləndirib. Azərbaycan cəmiyyətinin qarşıdakı seçkilərə yüksək əhval-ruhiyyə ilə getdiyini deyən İlham Məmmədov qeyd edib ki, ölkəmizin inkişafı, insanların rifahının yaxşılaşdırılması naminə Prezident İlham Əliyevin təşəbbüsü ilə böyük layihələrin həyata keçirilməsi və bu yöndə daha əhəmiyyətli niyyətlərin ortada olması, eləcə də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması kompleks halda Azərbaycanın yeni imicini formalaşdırıb: "Gündən-günə Azərbaycanın bu imici daha da zənginləşir, müasir dövrün tələblərinə uyğunlaşır və beləliklə, gözlərimizin önündə yeni müasirləşən, modernləşən, müasir dünya birliyinin layiqli üzvünə çevrilmiş Azərbaycan formalaşır. Bütün bunların hamısı Azərbaycanın bugünkü reallığı və siyasi həyatının gerçəkliyi olaraq vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir. YAP bundan əvvəlki seçki kampaniyalarında olduğu kimi, növbəti seçkilərin də yüksək fəallıq şəraitində və xalqımızın iradəsini dəqiqliklə əks etdirməyə imkan verən formada keçirilməsi üçün lazımi fədakarlığını göstərə biləcək. Qazandığımız təcrübə, həmçinin Heydər Əliyev siyasətinə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə sədaqətimiz və dərin inamımız bu fədakarlığı bir daha nümayiş etdirmək üçün əsaslar yaradır. Hər bir rayon təşkilatının ötən dövrlər ərzində keçirilən seçkilərdə topladığı təcrübə çox əhəmiyyətlidir".
Daha sonra çıxış edən YAP GB-nin nümayəndələri seçki hazırlığı ilə bağlı təcrübələrini gənclərlə bölüşüblər.
Bidiriblər ki, gələcəkdə də Azərbaycanın daxili və xarici müstəqilliyinin qorunub saxlanılması, məhz prezident İlham Əliyevdən asılıdır: "Prezidentliyə namizədliyini verən hər bir şəxs xarici qüvvələrin deyil, xalqının gücünə inanmalı, onun etimadını doğrultmalıdır. Bu xüsusiyyətlərin hər biri məhz ölkə başçısı İlham Əliyevdə cəmləşib. Prezident kimi fəaliyyət göstərdiyi 10 il ərzində ölkənin bütün sahələrinin inkişafına diqqət yetirən, vətəndaşlarının rifahının yüksəldilməsinə qayğı ilə yanaşan İlham Əliyev Azərbaycan xalqının rəğbətini qazanıb. Azərbaycan, məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm, əzəmətli inkişaf mərhələsinə qədəm qoyub. Bu illər ərzində Azərbaycanın iqtisadiyyatında, həyatımızın bütün sahələrində çox ciddi dəyişikliklər baş verib. Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin apardığı islahatların nəticəsində yaranmış bünövrəyə istinad edərək Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatımız daha yüksək pilləyə qalxıb ".
Daha sonra təlim, iştirakçıların diskussiyası əsasında yekunlaşıb.
Qeyd edək ki, günün davamında gənc siyasətçilər "Seçkidə" praktik oyununu oynayacaq, idman yarışalarında iştirak edəcəklər. Günün sonunda isə layihə iştirakçıları qalib komandanı müəyyən edəcək.
MAMED BAĞIROV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB