Bu gün Azərbaycan mətbuatı peşə bayramını qeyd edir

Bu gün Azərbaycan mətbuatı peşə bayramını qeyd edir

Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 138 il ötür. SİA-nın xəbərinə görə, 1991-ci il iyulun 5-dən Azərbaycanın ilk mətbu orqanı "Əkinçi" qəzetinin nəşrə başladığı gün - iyulun 22-si ölkə jurnalistlərinin peşə bayramı kimi qeyd edilir.

Böyük çətinliklərdən sonra Bakıda ana dilində "Əkinçi" qəzetinin nəşr edilməsi üçün icazə alındıqdan sonra onun ilk nömrəsi 1883-ci il iyulun 22-də çapdan çıxıb. "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurub. 1885-1887-ci illər ərzində fəaliyyət göstərən qəzetin 56 nömrəsi işıq üzü görüb. "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb.

Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat edib və iki il sonra qəzet bağlanıb. Azərbaycan mətbuatının ilk müjdəçisi "Əkinçi"dən sonra bu sahədə xeyli irəliləyişlər olunub. XIX əsrin sonlarında "Ziya", (1879), "Kəşkül" (1880), "Kaspi" (80-90-cı illər) qəzetləri nəşrə başlayıb. XX əsrin əvvəllərində C. Məmmədquluzadə, M. Şahtaxtinski, S. Hüseyn, Ö. Faiq Nemanzadə, Ü. Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırdılar. Bu gərgin mübarizə öz nəticəsini verdi. "Şərqi-rus" (1903), "Həyat" (1905), "Açıq söz" (1915), "Azərbaycan " (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxdı.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı.

Xatırladaq ki, 2010-cu ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı bina tikintisinə başlanılıb. Həmin bina artıq hazırdır və bu gün mətbuatın yaranmasının 138 illiyi münasibətilə keçiriləcək mərasimdə mənzillərin açarları jurnalistlərə təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə