Milli Mətbuat Günü münasibətilə jurnalistlər mükafatlandırılıblar TƏDBİR
Nərimanov Rayon İcra Hakimiyyəti 22 iyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun, Mətbuat Şurasının, eləcə də ölkədə fəaliyyət göstərən televiziya, qəzet və informasiya agentliklərinin nümayəndələri iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev tədbiri açaraq jurnalistləri bayram münasibətilə təbrik edib, 138 yaşını qeyd edən Azərbaycan mətbuatının keçdiyi şərəfli yoldan danışıb. Bildirilib ki, milli mətbuatımız ötən illər ərzində çox çətin şəraitdə fəaliyyət göstərsə də şərəfli yol keçib, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuatımız da bir sıra problemlərlə üzləşib. Lakin ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın problemlərinin həlli istiqamətində vacib addımlar atılıb, Azərbaycanın Konstitusiyasında mətbuat azadlığı təsbit olunub, senzura ləğv olunub. Qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcları dondurulub. Ulu Öndərin siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin təşəbbüsü ilə sonradan qəzetlərin nəşriyyata olan borcları dövlət büdcəsi hesabına ödənilib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan milli mətbuatının inkişaf tarixindən, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğıdan danışıb.
Sonra "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək diqqətə çatdırıb ki, dövlətimizin başçısı jurnalistlərin sosial-iqtisadi, mənzil-məişət problemlərinin həllinə də daim xüsusi diqqət yetirir. Milli Mətbuat Günü ərəfəsində jurnalistlər üçün 156 mənzilli binanın istifadəyə verilməsi buna parlaq nümunədir.
Sonda bayram münasibətilə bir qrup jurnalistə diplomlar və qiymətli hədiyyələr təqdim olunub.
Mükafatlandırılanlar arasında Səs İnformasiya Agentliyinin əməkdaşı da olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB