Lənkəranda yeni həkim məntəqəsinin açılışı olub

Lənkəranda yeni həkim məntəqəsinin açılışı olub

İyulun 19-da Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı Yaponiyanın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə Lənkəran rayonun Zövlə kəndində yeni həkim məntəqəsinin tikintisi və tibbi avadanlıqlarla təchizi infrastruktur layihəsinin açılışını həyata keçirib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, bu münasibətlə keçirilən rəsmi mərasimi açan ADTGT-nin sədri Asif Əsgərli qısa vaxt ərzində uğurla həyata keçirilən layihəyə haqqında məlumat verib. A.Əsgərli eyni zamanda yüksələn xətlə inkişaf edən Yaponiya-Azərbaycan siyasi, iqtisadi, humanitar-mədəni və sosial infrastruktur əməkdaşlığı barədə danışaraq, bu əlaqələrin strateji partnyorluq səviyyəsinə çatdığını vurğulayıb.

Sonra Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov çıxış edərək görülmüş işləri yüksək qiymətləndirib, respublikada, o cümlədən Lənkəranda Yaponiya Səfirliyinin dəstəyi ilə həyata keçirilən təhsil, səhiyyə və sosial infrastruktur layihələrinə görə təşəkkürünü bildirib.

Yaponiyanın Azərbyacandakı səfirinin müavini xanım Hideko Ono çıxışında layihəni və onu icra edən ADTGT-nın qısa müddətli fəaliyyətinə yüksək qiymət verərək, layihəyə dəstək verən rayon rəhbərliyinə təşəkkürünü bildirib və Yaponiya Səfirliyinin bu istiqamətdə işlərini bundan sonra da davam etdirəcəyini qeyd edib.

Sonra rəmzi qırmızı lent kəsilib və həkim məntəqəsinə, otaqlara, avadanlıqlara və digər görülmüş işlərə baxış keçirilib.

Qeyd edək ki, bu layihə ADTGT-nin Yaponiya Səfirliyinin dəstəyi ilə Azərbaycanda həyata keçirdiyi 6-cı layihədir. Onun da 4-ü məhz Lənkəranda həyata keçirilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə