Əli Həsənov Gəncəyə səfər edib

Əli Həsənov Gəncəyə səfər edib

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məcburi köçkün ailələrinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində Gəncə şəhərində aparılan işlərlə yerində tanış olub. SİA-nın Qərb bürosunun verdiyi məlumata əsasən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində Gəncə şəhərində inşa olunan 5 mərtəbəli 25 binanın tikintisi ilə yerində tanış olub. Komitə sədri ilk olaraq tikintinin gedişi ilə maraqlanıb, işlərin hansı səviyyədə olduğunu nəzərdə keçirib. Binaları gəzən Əli Həsənov bir sıra göstərişlərini yerindəcə verib.

Məlumat üçün bildirək ki, 5 mərtəbəli 25 binanın tikintisi üçün 25 ha ərazi ayrılıb. Hazırda işlərin demək olar 80%-i yekunlaşıb. Yaşayış binaları ilə yanaşı kompleksdə həmçinin 1200 yerlik məktəb binası, 280 yerlik uşaq bağçası, 500 yerlik mədəniyyət evi, musiqi məktəbi, həkim məntəqəsi, elektron ATS və digər sosial obyektlərdə var.

Müşavirədə Əli Həsənova məlumat verilib ki, bütün binaların və sosial obyektlərin dam örtükləri vurulub. Qapı və pəncərələr quraşdırılıb. Binaların daxilinə su və kanalizasiya xətlərinin çəkilişi başa çatdırılıb, su anbarı inşa olunaraq hazır vəziyyətə gətirilib. Hazırda binalarda kafel və metlax işləri istilik sistemlərinin qurulması, fasad hissələrinin üzlənməsi və digər tədbirlər davam etdirilir. Tikinti şirkətlərinin rəhbərləri ilə görüşdə Əli Həsənov bir daha öz tapşırıqlarını verib: "Aparılan işlər ən müasir standartlara cavab verməli və keyfiyyətlə həyata keçirilməlidir. Bu baxımdan hər bir tikinti şirkətinin rəsmilərinin üzərinə böyük məsuliyyət düşür. İşlər sürətli və keyfiyyətli formada həyata keçirilməlidir. Dövlətin iqtisadi gücü bu gün qaçqın və məcburi köçkün ailələrinin sosial şəraitlərinin yaxşılaşdırılmasına imkan verir və bu istiqamətdə dövlət başçısının verdiyi tapşırıq zamanında yerinə yetirilməlidir".

Qeyd edək ki, aparılan işlər ölkə prezidenti İlham Əliyevin "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə" imzaladığı dövlət proqrammı çərçivəsində həyata keçirilir. Onu da əlavə edək ki, Gəncə şəhərində 15 mindən artıq məcburi köçkün məskunlaşıb. Tikinti işlərinin avqust və sentyabr ayına kimi yekunlaşdırılması nəzərdə tutulur.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə