Dövlət Sərhəd Xidmətinin rəisi vətəndaşlarla görüşüb

Dövlət Sərhəd Xidmətinin rəisi vətəndaşlarla görüşüb

Vətəndaşlarla regionlarda görüşlərin keçirilməsini, onların təklif, şikayət və rəylərinin öyrənilməsini, qanuni tələblərinin yerinə yetirilməsini bütün dövlət qurumlarının əsas vəzifələrindən biri kimi müəyyənləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-leytenant Eçin Quliyev bu gün Xudat Sərhəd Dəstəsində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının sakinlərini qəbul edib.

Qəbul zamanı 57 vətəndaşın Dövlət Sərhəd Xidmətində xidmətə qəbul, sərhədboyu rejimdə təsərrüfat işlərinin görülməsi zamanı ortaya çıxan problemlər, mənzil və torpaq sahələrinin sənədləşdirilməsi, pensiyaların düzgün hesablanması müharibə vəsiqəsi ilə təmin olunmaq və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Vətəndaşların müraciətləri, şikayət və təklifləri diqqətlə dinlənilib, qaldırılan məsələlər Dövlət Sərhəd Xidmətinin aidiyyatı struktur qurumlarının rəhbərlərinin iştirakı ilə araşdırılıb və əksər məsələlər yerindəcə həllini tapıb. Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün müvafiq struktur qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.

Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və baxılmasının təşkili üçün nəzarətə götürülüb.

Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını bildirib, yaradılan şəraitə görə ölkə başçısına minnətdarlıq ediblər.

Emin Kerimov

Bütün xəbərlər Facebook səhifəmizdə