2013-2017-ci illər üçün Beşillik Strategiya Planının təqdimatı keçirilib
Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) 2013-2017-ci illər üçün Beşillik Strategiya Planının təqdimatı olub. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən komitənin sədr müavini Rafiq Cəlilov "Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi"nin uğurlu icrasına, həyata keçirilmiş mülkiyyət islahatları və əmlak idarəçiliyi sahəsində müasir standartların tətbiqinə toxunub. O qeyd edib ki, təqdim olunan planın müvafiq sahələrdə fəaliyyətin müasirləşdirilməsinə, qabaqcıl təcrübələrin tətbiqinə və inzibatçılığın təkmilləşdirilməsinə, əsas hədəf isə vətəndaşlara göstərilən xidmətlərin daha da şəffaflaşdırılmasına və sadələşdirilməsinə təkan verəcək.
Tədbirdə Strategiya Planının hazırlanmasına rəhbərlik etmiş beynəlxalq məsləhətçi Piet Plantinga tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi üçün Beşillik Strategiya Planı və komitənin qurumları üçün Biznes Planlarının təqdimatı olub.
İT və vahid kadastr məqsədləri üzrə beynəlxalq məsləhətçi Andre Kvitovski "Beşillik Strategiya Planı və Biznes Planlarının layihələrində E-hökumət prinsipləri və İKT rolu" mövzusunda çıxış edib.
ƏMDK üçün Beşillik Strategiya Planı və komitə qurumlarının Biznes Planları xidmət standartlarının yüksəldilməsi, korporativ fəaliyyət idarəetməsi, insan resurslarının inkişafı, İT strategiyalar və müasir texniki planlar, məkan informasiyası üçün infrastrukturun qurulması və təkmilləşdirilməsi, səmərəli əmlak idarəçiliyi kimi sahələri əhatə edir. İcra nəticəsində daşınmaz əmlakın qeydiyyatı və vahid kadastrı sahəsində biznes planları, dövlət əmlakının özəlləşdirilməsində daha müasir qaydalar, yeni yanaşmalar tətbiq ediləcək. Müasir ünvan reyestri informasiya sisteminin, səmərəli maliyyə mexanizmlərinin, hərracların təşkili və icrası zamanı elektron idarəetmənin tam tətbiqi həyata keçiriləcək.
Bildirilib ki, bütün bunlar Əmlak Məsələləri Dövlət Komitəsinin gələcək fəaliyyətinin müasirləşdirilməsini, sürətli və şəffaf xidmətlərin tətbiqi nəticəsində vətəndaşlara xidmət səviyyəsinin daha da yüksəldilməsini təmin edəcək.
Qeyd edək ki, Beşillik Strategiya Planı Dünya Bankının dəstəyi ilə icra olunan "Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi" çərçivəsində Dünya Bankının dəstəyi ilə Niderland və Almaniyadan olan 4 beynəlxalq məsləhətçilər tərəfindən hazırlanıb. Sənəd Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilib "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının əsas müddəaları nəzərə alınmaqla işlənib.
Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB