BDM təmsilçiləri Telman Adıgözəlovun məzarını ziyarət ediblər FOTO
Bu gün Azərbaycanın xalq artisti, mərhum sənətkar Telman Adıgözəlovun 60 illik yubileyidir. Bu münasibətlə sənətkarın dostları, Beynəlxalq Diaspor Mərkəzi (BDM) təmsilçiləri Telman Adıgözəlovun məzarını ziyarət ediblər. Aktyorun məzarı önündə çıxış edən xalq artisti Ramiz Novruzov, əməkdar artist Kazım Abdullayev, xalq artisti Cəfər Namiq Kamal və başqaları sənətkarın həyatı və yaradıcılığı haqqında danışıblar. Daha sonra BDM-in sədr müavini Samir Adıgözəlli mərhum aktyor haqqında çıxış edərək, onun təkcə mədəniyyət xadimi deyil, eyni zamanda vətənpərvər biri olması, xalqın milli məsələlərinə həssas yanaşdığını və demokratik ruha sahib bir şəxsiyyət olduğunu vurğulayıb. Yaxın dostları çıxışlarında Telmanın onlardan vaxtsız ayrılmasına baxmayaraq, daim qəlblərində yaşadığını bildiriblər.
Mərhumun yaxın qohumu BDM-in sədr müavini, DAK icra aparatının rəhbəri Samir Adıgözəlli bildirir ki, mərhum aktyorun 60 illik yubileyi münasibətilə bu ilin oktyabr ayında Dünya Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə xatirə gecəsi keçiriləcək. O eyni zamanda qeyd edib ki, Telman Adıgözəlovun yubileyi ilə bağlı yaxşı olardı ki, onun uzun illər əmək sərf etdiyi Azərbaycan Dövlət Dram Teatrı müvafiq addımlar atsın.
Qeyd edək ki, Telman Adıgözəlov 15 aprel 2010-cu ildə vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə