“Yay məktəbi”nin iştirakçıları milli-mənəvi dəyərlər mövzusunda fikir mübadiləsi aparıblar
Bu gün Masallıda Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin (GB) təşkil etdiyi "Yay məktəbi"nin iştirakçıları tədbirlərini davam etdiriblər. SİA-nın məlumatına görə, bu günkü tədbirin əsas mövzusu milli-mənəvi dəyərlərimizlə bağlı olub.
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, qrup rəhbəri Hikmət Babaoğlu bu mövzuda gənclər qarşısında çıxış edib. Hikmət Babaoğlu bildirib ki, hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə, ədəbiyyatına, tarixinə bağlılığından asılıdır. Onun sözlərinə görə, Azərbaycan xalqı da bugünədək məhz milli mənəvi dəyərlərinə bağlılığı sayəsində özünün mövcudluğunu, milli identikliyini, özünəməxsusluğunu qoruyub saxlaya bilib: "Azərbaycan xalqının ən böyük sərvətlərindən biri onun zəngin milli mədəni, maddi, ədəbi, dövlətçilik irsinə sahib olmasıdır. Bu zəngin mənəvi irs xalqımız tərəfindən əsrlər boyunca yaradılıb və onun böyük bir hissəsi bugünədək qorunub saxlanıb. Bu baxımdan, milli dövlətin formalaşması və əbədiyaşar olması onun mənəvi əsaslarının milli dəyərlərlə nə dərəcədə səsləşməsindən asılıdır. Milli dəyərlərə söykənən dövlət quruculuğu xalqın milli şüuruna, identikliyinə, mənəvi dəyərlərinə istinad edir. Müstəqilliyini qazandıqdan sonra Azərbaycan Respublikasının qarşısında bir neçə inkişaf yolu mövcud idi. Müxtəlif kənar təsirlər həmin dövrdə Azərbaycanı fərqli istiqamətlərə sapdırmağa çalışırdı. Lakin Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi quruculuq siyasəti Azərbaycan xalqının milli mənəviyyatına əsaslanan milli dövlətin əsaslarını formalaşdırmağa yönəldi. Belə ki, Ulu öndərin əsasını qoyduğu dövlət quruculuğu siyasətinin mühüm xüsusiyyətlərindən biri dövlətin əbədi mövcudluğunu təmin edəcək zəruri mənəvi dayaqların formalaşdırılması idi. Bununla da, Azərbaycan dövlətinin əsaslarının yaradılmasında məhz Azərbaycan xalqının milli mənəvi dəyərləri əsas dayağa çevrildi".
Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycan xalqına məxsus dəyərlər ölkə qanunvericiliyində, hüquqi sferada, ilk növbədə, Konstitusiyamızda əksini tapıb. Ana dilinə hörmət, tolerantlıq, mədəniyyətin qorunması kimi məsələlər Ali Qanun başda olmaqla, müvafiq hüquqi sənədlərdə öz əksini tapıb. Azərbaycan xalqının mənəvi dəyərlərini özündə cəmləşdirən azərbaycançılıq ideologiyasının təbliği də bu baxımdan böyük önəm kəsb edir.
Daha sonra gənclər bu mövzuda geniş fikir mübadiləsi aparıblar.
Gün ərzində isə "Yay məktəbi"nin iştirakçıları interaktiv və əyləncəli oyunlar təşkil ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB