Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının təsis konfransı keçirilib. SİA-nın xəbərinə görə, konfransda 270 nümayəndə iştirak edib.
Konfransda çıxış edən Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov bildirib ki, YAP Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə, tarixi zərurət nəticəsində, Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranıb: "YAP ölkəmizin siyasi həyatında uğurla fəaliyyət göstərir və bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlər qazanır".
Yeni yaradılmış Pirallahı rayonunda həyata keçirilən tikinti-quruculuq və abadlıq işlərindən danışan İcra başçısı qeyd edib ki, Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən yeni körpünün inşası davam edir.
Tədbirdə çıxış edən YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının fəaliyyət göstərdiyi 21 il ərzində böyük inkişaf yolu keçdiyini vurğulayıb: "Yeni Azərbaycan Partiyası müstəqillik tariximizlə yanaşı addımlayır və ölkəmizin qazandığı uğurlara özünün böyük töhfələrini verir".
YAP-ın icra katibinin müavini müstəqillik illərində Azərbaycanda bütün sahələrin inkişaf etdiyini, o cümlədən həm neft, həm də qeyr-neft sektorunda nailiyyətlər qazanıldığını vurğulayıb.
Siyavuş Novruzov ötən dövr ərzində YAP-ın daha da gücləndiyini deyərək, partiya üzvlərinin sayının 600 mini ötdüyünü qeyd edib: "Yeni Azərbaycan Partiyasının V qurultayı Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 54-cü maddəsini rəhbər tutaraq partiyamızın sədri cənab İlham Əliyevi 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində namizəd kimi irəli sürüb. Hazırda V Qurultayın bu qərarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində Partiyanın uğurlu fəaliyyəti davam edir".
Qeyd edək ki, açıq səsvermə yolu ilə rayon təşkilatının 31 nəfərdən ibarət siyasi şurası və 11 nəfərdən ibarət idarə heyəti seçilib.
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri vəzifəsinə Manaf Malik oğlu Manafovun namizədliyi irəli sürülüb. Konfrans nümayəndələrindən "Abşeronneft" NQÇİ-nin şöbə rəisi Şamil Kazımov və 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ələddin Muxtarov və başqaları çıxış edərək M. Manafovun namizədliyi dəstəkləyiblər. Açıq səsvermə yolu ilə Manaf Manafov yekdilliklə YAP Pirallahı rayon təşkilatının sədri vəzifəsinə seçilib.
Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB