“Ən yaxşı sosial çarx” müsabiqəsi elan olundu

“Ən yaxşı sosial çarx” müsabiqəsi elan olundu

Azərbaycan Gənclər Fondu "Ən yaxşı sosial çarx" adı altında gənclər arasında qısametrajlı sosial çarxlar müsabiqəsini keçirir. SİA-ya verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd gənclərin yaradıcılıq potensialından istifadə edərək cəmiyyətin diqqətini gənclərin sosial problemlərinin həllinə istiqamətləndirməkdir.

Müsabiqədə 14-29 yaş arasında olan gənclər və ya gənclərin təşəbbüs qrupları iştirak edə bilər. Müsabiqə çərçivəsində iştirakçılar tərəfindən hazırlanacaq qısametrajlı sosial çarxlar aşağıdakı istiqamətləri əhatə etməlidir:

- Yol hərəkəti təhlükəsizliyi və mədəniyyəti;

- Vətənpərvərlik;

- Ekologiya və ətraf mühitin qorunması;

- Gənclik və təhsilin təbliği;

- Milli adət və ənənələrimiz;

- Müasir ailə dəyərləri.

Müsabiqəyə ağ-qara və yaxud rəngli, MP4, 1020p-HD formatda 3 (üç) dəqiqəyə qədər çəkilmiş və DVD diskə köçürülmüş çarxlar təqdim oluna bilər. Müsabiqə üzrə 1-ci yer üçün 2000 manat, 2-ci yer üçün 1500 manat, 3-cü yer üçün isə 1000 manat məbləğində pul mükafatı və diplom təqdim olunacaq.

Müsabiqədə iştirak edənlər hazırladıqları qısametrajlı sosial çarxları 1 sentyabr 2013-cü il tarixinədək Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna təqdim etməlidir.

Qeyd edək ki, müsabiqəyə təqdim olunan qısametrajlı çarxların nəticələri 10 sentyabr 2013-cü il tarixində keçiriləcək təqdimat mərasimində elan ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə