Bakı-Pekin aviareysi açılır

Avqust ayının 9-dan etibarən "Azərbaycan Hava Yolları" QSC Bakı-Pekin-Bakı marşrutu ilə aviareyslərə başlayacaq. AZAL-dan SİA-ya verilən məlumata görə, açılışı may ayında nəzərdə tutulan bu reys Çin tərəfinin aviaşirkətlər qarşısında qoyduğu yeni tələblərlə əlaqədar müvəqqəti olaraq təxirə salınmışdı.

Uçuşlar müasir və komfortlu "Airbus A-340" və "Boeing-767" tipli təyyarələrlə, həftədə iki dəfə həyata keçiriləcək: Bakı-Pekin aviareysi II və V günlər, Bakıdan saat 15:15-də, Pekin-Bakı aviareysi isə III və VI günlər, Pekindən saat 05:45-də yerinə yetiriləcək.

Bakı-Pekin-Bakı istiqamətində "ekonom" sinifli aviabiletlərin minimal qiyməti 473 avro təşkil edir (yığımlar və rüsumlar daxildir).

Həmçinin AZAL Çinin tərəfdaş aviaşirkətləri ilə birgə, öz sərnişinlərinə Pekindən Çinin digər şəhərlərinə (Quanjou, Şanxay, Şenjen, Xanjou, Jenqjou, Ksian (Sian), Çenqdu və s.), eləcə də Şərqi və Cənub-Şərqi Asiya ölkələrinin hava limanlarına uçuşlar üçün xüsusi tariflər təqdim edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə