Lənkəran Sərhəd Dəstəsinin “Kələxan” sərhəd komendantlığı istifadəyə verilib FOTOLAR
Bu gün Lənkəran Sərhəd Dəstəsinin Lerik rayonundakı xidməti ərazisində yeni inşa olunmuş "Kələxan" sərhəd komendantlığı istifadəyə verilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbərliyinin, sərhəd dəstəsinin zabit, gizir və əsgərlərinin iştirakı ilə keçirilən mərasimdə DSX-nın rəisi - Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Lənkəran Sərhəd Dəstəsinin komandiri polkovnik-leytenant Elşən Mirzəyev çıxış ediblər. Bildirilib ki, dövlətin, Ali Baş Komandan cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğı sayəsində DSX böyük inkişaf yolu keçib, ölkəmizin sərhəd-mühafizə strukturu təkmilləşdirilib, həmçinin sərhədçilərin xidmət və məişət şəraiti yüksək səviyyədə təşkil olunub.
Qeyd edilib ki, Lerik, Lənkəran və Astara rayonlarını əhatə etməklə Azərbaycan Respublikasının qonşu İran İslam Respublikası ilə 205 km məsafədə dövlət sərhədini qoruyan Lənkəran Sərhəd Dəstəsində son illər böyük tikinti-quruculuq işləri aparılıb, sərhədçilərin xidmət və məişət şəraiti xeyli yaxşılaşıb. "Kələxan" sərhəd komendantlığı kompleksinin istifadəyə verilməsi də dövlətin sərhədlərimizin mühafizəsinə göstərdiyi diqqətin bariz nümunəsidir.
Açılışı bildirən rəmzi qırmızı lent kəsildikdən sonra DSX-nin rəisi E.Quliyev və tədbir iştirakçıları yeni komendantlıq kompleksində yaradılmış şəraitlə tanış olublar.
Məlumat verilib ki, müasir tələblərə cavab verən yeni sərhəd komendantlığı kompleksində xidməti yüksək səviyyədə təşkil etmək, yaşamaq və istirahət etmək üçün lazımi şərait yaradılıb. Komendantlığın qərargahındakı xidmət otaqları hər cür avadanlıq və vasitələrlə təmin olunub. Yüksək şəraiti olan əsgər yataqxanası, istirahət və təlim otaqları da müasir tələblər səviyyəsində qurulub.
DSX rəisi Elçin Quliyev komendantlığa məxsus texnika, habelə silah-sursat, əşya-geyim, ərzaq-yemək, yanacaq-sürtgü materialları anbarları, hamam, camaşırxana və digər texniki otaqlarla da tanış olandan sonra, kompleksin ikinci və üçüncü mərtəbələrində zabit və gizir ailələri üçün inşa olunmuş mənzillərə də baş çəkib. Bildirilib ki, hər biri iki otaqlı olmaqla 16 mənzilin hamısı mebel dəstləri və lazımi məişət avadanlıqları ilə təchiz olunub.
Sonda DSX-nin rəisi əsgər yeməkxanasında şəxsi heyətlə birlikdə nahar edib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB