YAP Gənclər Birliyinin “Yay məktəbi” layihəsinin Masallı rayonu üzrə III turu başlayıb

YAP Gənclər Birliyinin “Yay məktəbi” layihəsinin Masallı rayonu üzrə III turu başlayıb

Bu gün Masallı rayonunda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin "Gələcəyin liderləri" gənc siyasətçilər üçün "Yay məktəbi" layihəsinin üçüncü turu başlayıb. SİA-nın məlumatına görə, "Viləş" istirahət mərkəzində təşkil olunan "Yay məktəbi"nin üçüncü qrupunun rəhbəri "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, məsul şəxslər isə YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov, YAP Siyəzən rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşad Rəhmanov və YAP Nərimanov rayon təşkilatının təlimatçısı Nərminə Yunusovadır.

Layihənin iştirakçıları ilk olaraq YAP GB-nin "Yay məktəbi" layihəsinin əhəmiyyəti haqqında fikirlərini açıqlayıblar. Qeyd olunub ki, 2007-ci ildən başlayan "Yay məktəbi" layihəsində partiyanın fəal üzvü olan yüzlərlə gənc iştirak edir. Hazırkı qrupun üzvlərinin sayı isə 50 nəfərdir. Ümumilikdə isə builki layihə dörd mərhələdən ibarət olacaq və bütövlükdə təxminən 600 gənci əhatə edəcək. "Yay məktəbi"ndə iştirak edən gənclər həm Bakı şəhərini, həm də bölgələri təmsil edirlər. Hər il olduğu kimi, bu dəfə də "Yay məktəbi" layihəsi ölkəmizin gözəl guşələrində təşkil olunur.

Bildirilib ki, layihə çərçivəsində gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün ekskursiyalar təşkil olunacaq, müxtəlif məsələlərlə bağlı təlimlər, debatlar reallaşdırılacaq, intellektual və əyləncəli yarışlar təşkil ediləcək.

Eyni zamanda, "Yay məktəbi" layihəsi çərçivəsində Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar və digər məsul şəxslərlə görüşlər keçiriləcək, onlar müxtəlif mövzular ətrafında gənclərlə fikirlərini bölüşəcək, gəncləri maraqlandıran suallar cavablandırılacaq.

Masallı rayonunda tədbirin ilk günü qrup üzvləri tanışlıq xarakterli görüşlər keçirib müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə