Bu gün "Azərbaycan Respublikasında Dövlət Qulluğunda İslahatlar" ikitərəfli layihənin başa çatması ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın xəbərinə görə, konfransda çıxış edən Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bildirib ki, adıçəkilən layihənin həyata keçirilməsinə 2009-cu ilin avqustundan başlanılıb.
Onun sözlərinə görə, layihənin məqsədi Azərbaycanın mərkəzi icra hakimiyyət orqanlarında dövlət qulluğu sahəsində şəffaf və vətəndaş yönümlü fəaliyyətin inkişaf etdirilməsi və yaxşı idarəetmənin dəstəklənməsi olub: "Layihənin işi komissiyanın təşkilatı imkanlarının gücləndirilməsi, dövlət qulluqçuları üçün təlim və ixtisas sisteminin yaradılması, komissiyanın və onun tərəfdaşları arasında əlaqə mexanizmlərinin təkmilləşdirilməsi, dövlət qulluğunda bacarıqlar əsasında işəgötürmə sisteminin təkmilləşdirilməsi, dövlət qulluğu islahatı üçün strategiya və hüquqi müddəalarla bağlı məsləhət xidmətlərinin yaradılması kimi istiqamətləri əhatə edib.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycan üzrə rəhbəri Henning Tveste bildirib ki, 5 il ərzində Azərbaycanda aparılan əməkdaşlıq çox məhsuldar keçib. Onun sözlərinə görə, gözəçarpan nəticələr əldə edilib və bu nəticə digər ölkələrdə müsbət nümunə kimi istifadə edilə bilər: "Bütün ölkənin inkişafı, müasirləşməsi üçün dövlət qulluğu çox önəmlidir. Müasir və peşəkar dövlət xidməti olmadan ölkələr adekvat şəkildə qloballaşma proseslərinə cəlb oluna bilməz. Əməkdaşlığımız zamanı əldə olan üç əsas nəticə-Azərbaycanın standartlaşdırılmış informasiya texnologiyaları əsasında işə qəbul etmə mexanizmi var ki, bu da regionda qabaqcıl nümunədir. Dövlət Qulluğu Komissiyasının fəaliyyəti beynəlxalq səviyyədə dəstək alır. Hazırda xarici ölkələrdən vəsatət alırıq ki, Azərbaycanın təcrübəsini öyrənsinlər. Azərbaycanda bu iş dövlət rəhbərliyi səviyyəsində dəstəklənir. GİZ və Komissiya etibarlı tərəfdaşlıq qurub və bu faydalı işbirliyi örnək ola bilər".
Qeyd edək ki, tədbirin davamında hər iki tərəf jurnalistlərin suallarını cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB