Bakı-Biləcəri sahəsində əsaslı təmirə start verilib

Bakı-Biləcəri sahəsində əsaslı təmirə start verilib

Bakı-Biləcəri sahəsində 8,5 kilometr yolun əsaslı təmirinə start verilib. "Azərbaycan Dəmir Yolları" QSC-dən SİA-ya verilən məlumata görə, ilkin olaraq Bakı-sərnişin stansiyasında 741 metr yol təzələnəcək və 7 ədəd yoldəyişən yenisi ilə əvəzlənəcək. Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisələri həyata keçirir. MMC-nin baş direktoru Əli Əşrəf Lütfəlibəyovun verdiyi məlumatda bildirilir ki, artıq səhər saatlarında Bakı-sərnişin stansiyasında (cüt istiqamətdə) işə başlanılıb və köhnə yolun xeyli hissəsi sökülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamı sürətlə icra olunur.

"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib, bu günə kimi 254,7 kilometr yol əsaslı təmir olunub, bunun da 187 kilometrinin 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənməsi başa çatıb.

İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə