Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının və Qaradağ rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə siyasi hakimiyyətə gəlişinə həsr olunmuş tədbir keçirilib.
SİA-nın verdiyi məlumata görə, tədbir iştirakçilari ilk öncə Ulu Öndər Heydər Əliyevin Qaradağ rayonunun mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə tər çiçəklər düzüblər. Daha sonra Qaradağ rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Ümummilli Liderimiz Heydər Əliyevin fəaliyyətinin xalqımızın, dövlətimizin mənafeyinə xidmət etdirdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan dövlətçiliyi ideyasının yaşaması və sonradan yenidən reallaşdırılması birbaşa olaraq Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
A.Hüseynov dövlətçilik tariximizin özünəməxsus bir həlqəsi olan sovet dövründə də bu böyük siyasətçi və dövlət xadiminin milli inkişafımız baxımından əvəzolunmaz nailiyyətlərə imza atdiğını da tədbir iştirakçılarının diqqətinə çatdırıb. Vurğulayıb ki, 1969-cu ilədək Azərbaycan SSRİ-nin tərkibində yalnız xammal mənbəyi kimi çıxış edir, bütün sahə və istiqamətlər üzrə ən geridə qalmış ölkəyə çevrilmişdi.
"Ölkəmizin inkişafı üçün əhəmiyyətli resurs və potensial mövcud olsa da, onlardan səmərəli surətdə istifadə edilməməsi tənəzzül meyillərinin əsasında dayanan başlıca faktor idi. Amma Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olması ölkəmizin sovet dövrü tarixində dönüş nöqtəsi oldu. Qısa müddətdə Azərbaycan İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerlərə yüksəldi. Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısının fonunda kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində azərbaycanlı gənclər SSRİ miqyasında fəaliyyət göstərən ali təhsil müəssisələrinə göndərildilər. 1978-ci ildə Ulu Öndər Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSRİ-nin Konstitusiyasına "Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir" maddəsi daxil edildi. Eyni zamanda "Müasir Azərbaycan dili" və "Azərbaycan dili" dərslikləri hazırlandı. Bütün bunların fonunda Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edərək, SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrildi. Görülən tədbirlərin fonunda tənəzzül meyillərinə son qoyuldu və respublikamızın sosial-iqtisadi inkişafına, dirçəlişinə start verildi. Sosial-iqtisadi inkişafın təmin edilməsi mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə də görülən fundamental strateji tədbirlərin uğurluluğunu şərtləndirdi ki, bu da Azərbaycanın SSRİ səviyyəsində ən yüksək inkişaf tempinə malik olan ölkəyə çevrilməsinin təminatçısı qismində çıxış etdi. Amma çox təəssüflər olsun ki, müstəqillik əldə olunandan sonra Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildən başlayaraq, qurub-yaratdığı Azərbaycan təsadüfi insansların əlinə keçdi. Bununla da, AXC-Müsavat hakimiyyəti güclü dövlət kimi öz sözünü deməyə qadir bir ölkənin iqtisadi-sosial, siyasi və ideoloji əsaslarını dağıtdılar. 1992-1993-cü illərdə demək olar ki, respublika total böhran içində idi və vətəndaş müharibəsinin başlanması an məsələsinə çevrilmişdi. O dövrdə ölkə vətəndaşlarının diqqəti Azərbaycanın dövlət müstəqilliyi üçün böyük xidmətlər göstərmiş Naxçıvana yönəlmişdi. Ulu öndər Heydər Əliyev xalqla birgə addımlayaraq, 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Ulu öndər Heydər Əliyevin Sədrlik etdiyi bu partiya böyük təzyiqlərə, təqiblərə və təxribatlara baxmayaraq, tezliklə Azərbaycanın bütün bölgələrində böyük sürətlə yaranaraq təşkilatlandı və respublikanın siyasi həyatında öz dəst-xətti, yeri olan qüdrətli bir siyasi qüvvəyə çevrildi. Bununla da, Azərbaycanın siyasi sisteminin formalaşmasına impuls verən YAP Heydər Əliyevin timsalında yeni sivil siyasi mübarizə metodlarını, kütləvi siyasi mədəniyyəti, siyasi şüuru, davranışı, milli xarakteri və formalaşdıra bildi. 1995-ci ildə ölkə Konstitusiyasını qəbulu isə bütövlükdə, ölkənin siyasi və hüquqi əsaslarını yaratdı" deyən A.Hüseynov bu gün cənab Prezident İlham Əliyev tərəfindən isə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun ən layiqli formada uğurla davam etdirildiyini vurğuladı. YAP Siyasi Şurasının üzvü bu gün Azərbaycan dünya miqyasında öz mövqeyi və iradəsi ilə çıxış etdiyini bunun da kökündə Ulu Öndər Heydər Əliyev strategiyası və cənab Prezident İlham Əliyevin praqmatik siyasəti dayandığını vurğuladı. A.Hüseynov bildirdi ki, qarşıdan gələn prezident seçkilərində xalqımız bu uğurlu siyasətin davamı olaraq cənab Prezident Ilham Əliyevə növbəti dəfə dəstək olacaq.
Rayon ictimaiyətinin nümayəndəsi, "BossŞelf" şirkətinin əməkdaşı İmran Şıxəliyev də çıxışında Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin həmişə xalqımıza böyük sevgi ilə yanaşdığını tədbir iştitakçılarının diqqətinə çatdırıb. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycançılıq fəlsəfəsini hələ sovet dönəmində belə yüksək tutaraq millətimizin həmişə daha mütərəqqi ideyalar ətrafında cəm olması üçün mühüm addımlar atmışdır. İ.Şıxəliyev Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif istiqamətlərinə toxunaraq dövlətimizin bu günü və sabahı üçün Onun zəngin irsinin böyük örnək olduğunu söyləyib.
YAP Qaradağ rayon təşkilatının sədr müavini, Qaradağ rayon 7 saylı Bakı Peşə Liseyinin direktoru Hicrət Qaradağlı da çıxışında Ümummilli Liderin Azərbaycançılıq ideologiyasının əsasları, Onun xalqımızın və dövlətimizin bu günü, gələcəyi naminə misilsiz xidmətlərindən bəhs edib. Vurğulayıb ki, Ulu Öndər hələ sovetlər dönəmində rəhbər vəzifələrdə olduğu dönəmlərdən Azərbaycanın bu günü üçün böyük təminatlar yaratmış, xalqımızın gənc oğul və qızlarının savadlı kadrlar kimi formalaşması üçün zəruri addımlar atmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB