Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin ildönümü səbaillilər tərəfindən qeyd olunub

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin ildönümü səbaillilər tərəfindən qeyd olunub

Azərbaycan dövlətçiliyi ideyasının yaşaması və sonradan yenidən reallaşdırılması birbaşa olaraq, 1969-cu ildə respublikamızda ilk dəfə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dövlətçilik tariximizin özünəməxsus bir həlqəsi olan sovet dövründə də bu böyük siyasətçi və dövlət xadimi, milli inkişafımız baxımından əvəzolunmaz nailiyyətlərə imza atıb.

Ulu öndər Heydər Əlirza oğlu Əliyev Azərbaycanda hakimiyyətə gəlişinin 44 illiyi münasibəti ilə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Şəhidlər Xiyabanındakı qərargahında Səbail rayon Ağsaqqallar, Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin, rayondakı bir sıra ictimai təşkilatların, rayon ictimaiyyətinin nümayəndələrinin və digər qonaqların iştirakı ilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev tədbir iştirakçıları və qonaqları salamlayıb, əlamətdar günün əhəmiyyətindən danışıb. O qeyd edib ki, 44 il əvvəl - 1969-cu il iyul ayının 14-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Plenumunda Heydər Əlirza oğlu Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilib. Həmin gündən etibarən Azərbaycanın inkişafında böyük dönüş və tərəqqi başlandı: "Heydər Əliyevin böyük səyləri, vətənə və xalqa məhəbbəti, təşkilatçılıq qabiliyyəti, mövcud problemlərini dərindən öyrənərək onların aradan qaldırılmasını təmin etmək bacarığı öz bəhrəsini verdi. Heydər Əliyevin səyləri, bilik və bacarığı, gərgin əməyi sayəsində bir zamanlar keçmiş Sovetlər İttifaqının geridə qalmış aqrar respublikası olan Azərbaycan, sənaye və kənd təsərrüfatının geniş inkişaf etdiyi qabaqcıl bir respublikaya çevrildi. Respublikada yüzlərlə iri sənaye müəssisəsi, sosial obyektlər inşa edildi, əhalinin şəraitinin yaxşılaşdırılması üçün geniş miqyaslı mənzil tikintisi layihələri həyata keçirildi. Görülən bütün işlərin ilhamçısı və onların başında duran isə məhz xalqımızın böyük oğlu Heydər Əliyev oldu".

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov Ümummmilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə gəlməsi, fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib. O, Ulu Öndərin 1969-cu ildə hakimiyyətə gəlişi, onun Azərbaycanın tərəqqi, inkişaf və çiçəklənməsi istiqamətində həyata keçirdiyi böyük işlərdən danışıb:"Zəngin təcrübəsi, böyük təşkilatçılıq bacarığı, gördüyü işlərin sayəsində keçmiş Sovetlər Birliyinin bütün guşələrində böyük hörməti olan Heydər Əliyev, Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvü seçilib. Heydər Əliyev həmin dövrdə SSRİ-nin ən yüksək dövlət postlarından olan SSRİ Nazirlər Sovetinin I müavini təyin olunub. 1993-cü ildə xalqın tələbi və təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, məhv olmaqdan qorudu, xalqımızın xilaskarına çevrildi. O, bu gün aparıcı dünya dövlətlərinin hesablaşdığı Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsasını qoymuş, böyük strateji layihələrin həyata keçirilməsinə başlayıb. Heydər Əliyevin əsasını qoyduğu siyasət isə bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Toplantıda çıxış edən Səbail rayon Ağsaqqallar Şurasının sədri Mirhəbib Seyidov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin sədri İlham Əliyev, Səbail rayon Veteran Təşkilatları Şurasının sədri, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Fizuli Rzaquliyev və digər ictimai təşkilatların rəhbərləri, veteranlar Ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyində çalışdığı illər ərzindəki fəaliyyəti, gördüyü işlərdən danışıblar. Qeyd olunub ki, bu il həmçinin ölkədə Prezident seçkiləri ilidir. Səbail rayonunun Ağsaqqaları, veteranları, digər ictimai təşkilatların üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanın inkişaf və tərəqqisinin günbəgün artması, onun qüdrətli və zəngin bir dövlətə çevrilməsi, ən başlıcası itirilmiş torpaqlarımızın geri qaytarılması istiqamətində apardığı işləri bəyənirlər. Çıxışçılar bəyan ediblər ki, onlar İlham Əliyevin namizədliyini dəstəkləyir və əmin edirlər ki, seçki günü yekdilliklə ona səs verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə