Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli 80 saylı Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması istiqamətində intensiv işlər aparılır, təbii qaz almayan yaşayış məntəqələri "mavi yanacaq"la təmin olunur. Lənkəran rayonunun qazlaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı işlər də bu baxımdan xarakterikdir. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, iyul ayının 11-də 20 illik fasilədən sonra Göyşaban kəndinə təbii qazın verilməsi bərpa edilib. Bu münasibətlə keçirilən tədbirdə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Lənkəran ŞİH başçısının Göyşaban inzibati ərazi dairəsində nümayəndəsi Ceyhun İmanov qeyd edib ki, Göyşaban kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 23 min 371,3 metr olan müxtəlif diametrli metal, 14 min 046,8 metr isə polietilen boru çəkilmiş, 82 ədəd siyirtmə, 738 ədəd sayğac və tənzimləyici quraşdırılıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev kənd sakinlərini bu əlamətdar hadisə münasibətilə təbrik edib. Şirkət rəsmisi çıxışında ölkəmizdə qaz təchizatı sisteminin yenidən qurulması istiqamətində aparılan işlər barədə məlumat verib, dövlət başçısı İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı imzaladığı sərəncam və fərmanların əhəmiyyətindən danışıb.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək cənab Prezident İlham Əliyevə bütün lənkəranlılar adından dərin minnətdarlığını bildirib.
İcra başçısı həmçinin Azərbaycanda son illərdə qazlaşdırma sahəsində əldə edilmiş uğurlardan, o cümlədən Lənkəranda əhalinin "mavi yanacaq"la təmin edilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı işlərdən danışıb, indiyədək 32 yaşayış məntəqəsinin təbii qazla təchiz olunduğunu, ilin sonuna kimi daha 42 yaşayış məntəqəsinə təbii qazın verilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Sonda R.Abdullayev və T.Qaraşov rəmzi məşəli alovlandırıblar.
Tədbirdə çıxış edən sakinlər kəndin "mavi yanacaq"la təchiz olunmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB