Tullantıların idarə olunması sahəsində gənclərin maarifləndirilməsi davam etdirilir

Tullantıların idarə olunması sahəsində gənclərin maarifləndirilməsi davam etdirilir

"Təmiz Şəhər" ASC yay mövsümündə bir sıra beynəlxalq və yerli maarifləndirmə tədbirlərinin birbaşa təşkilatçısı olmaqla yanaşı, digər qurumlar tərəfindən keçirilən tədbirlərdə də fəal iştirak edir. Qurumdan SİA-ya verilən məlumata görə, belə tədbirlərdən biri gənclər arasında şüur və təfəkkürünü inkişaf etdirmək və ətraf mühitin mühafizəsi sahəsində innovativ yanaşmalar üzrə biliklərin artırılması məqsədilə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Ekoloji Düşərgə olub. Düşərgədə Belarusiya, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna və Azərbaycandan olan gənclər iştirak ediblər.

Tədbirdə təlimçi kimi iştirak edən "Təmiz Şəhər" ASC-nin Layihələrin idarə olunması və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov iştirakçılara "yaşıl düşüncə" və tullantıların azaldılması, təkrar istifadə, çeşidləməni nəzərdə tutan "3R" konsepsiyaları, bərk məişət tullantıları anlayışı, tullantıların idarə olunmasının ekoloji əsasları haqqında geniş məlumat verib, ölkəmizin bu sahədəki təcrübəsi, tullantıların idarə olunması istiqamətində görülmüş işlər, irimiqyaslı layihələr və "Təmiz Şəhər" ASC-nin fəaliyyəti barədə danışıb. Qeyd olunub ki, tullantıların idarə olunması sahəsində son illər ölkədə mühüm addımlar atılmış və 2 böyük layihə - Bərk Məişət Tullantılarının Çeşidlənməsi və Bərk Məişət Tullantılarının Yandırılması zavodları keçən ilin sonlarında tam istifadəyə verilib. Dördüncü nəsil texnologiyaların tətbiqi ilə qurulmuş və Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verən Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun istehsal gücünə görə Şərqi Avropa və MDB məkanında ən iri bu tipli müəssisə olduğu vurğulanıb.

Sonda "Təmiz Şəhər" ASC-nin nümayəndəsi düşərgə iştirakçılarının suallarını cavablandırıb və gəncləri ətraf mühitin mühafizəsi sahəsində daha aktiv fəaliyyətə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə