Sədaqət Vəliyeva: YAP-ın təşkil etdiyi “Yay məktəbi” inteqrasiya və tolerantlıq platformasıdır
"YAP-ın təşkil etdiyi "Yay məktəbi" gənclərin dialoq və inkişaf platformasına çevrilir". Bu fikri SİA-ya Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva deyib.
S.Vəliyeva bildirib ki, YAP-ın "Yay məktəbi" ilk olaraq, partiyanın və dövlətin gənclərə olan münasibətini, onlara göstərilən diqqət və qayğını nümayiş etdirir. Onun sözlərinə görə, "Yay məktəbi" eyni zamanda, cəmiyyətimizin avanqard qüvvəsi olan gənclərin kreativ və intellektual bacarıqlarının aşkara çıxarılması, reallaşdırılması və özünüsübut məkanıdır.
S.Vəliyeva deyib ki, bu cür məktəblər həmçinin, gənclər arasında ünsiyyətin yaranmasına, ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatı ilə bağlı fikirlərin mübadiləsinə şərait yaradır: "Həqiqətən də, YAP-ın təşkil etdiyi bu cür məktəblər bizlərə yüksək intellekti, kreativliyi və bacarığı olan gənclər yetişdirir. Burada iştirak etmiş hər bir gənc donor təşkilatlarla işləməyi, layihələr yazmağı öyrənir, həmçinin, seçki prosesilə bağlı mühüm məqamları mənimsəyir və əlbəttə ki, onların potensialı müxtəlif təqdimatlar vasitəsilə reallaşdırılır".
Sədaqət Vəliyeva vurğulayıb ki, bu məktəblər hələ uzun müddət əvvəllər formalaşmış və bəzən də gənclər arasında problemlərə səbəb olmuş region və Bakı gəncləri arasındakı sərhədləri aradan qaldırır: "Təsəvvür edin ki, hər il keçirilən "Yay məktəbləri" yüzlərlə gənci bir-birinə dost edir. Gənclər arasında təmas yaranır, müxtəlif regionlardan olan gənclər bir-birinin düşüncəsinə və hərəkətlərinə hörmətlə yanaşır. Bir sözlə, "Yay məktəbi" həm də inteqrasiya və tolerantlıq platformasıdır". Millət vəkili diqqətə çatdırıb ki, "Yay məktəbi"ndə gənclər partiya rəhbərliyilə, millət vəkilləri, dövlət nümayəndələrilə görüşlər keçirir və səmimi atmosferdə baş tutan dialoqlarda onlar dövlət idarəçiliyi haqqında daha dəqiq məlumatlar alırlar.
S.Vəliyeva vurğulayıb ki, ölkəmizdə bu cür məktəblər təşkil edən yeganə siyasi təşkilat Yeni Azərbaycan Partiyasıdır və bununla partiyamız Azərbaycan gəncliyinin sağlam, vətənpərvər və Vətənə sadiq vətəndaşlar kimi yetişməsinə öz töhfəsini verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB