Azərbaycanla İran arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanla İran arasında Anlaşma Memorandumu imzalanıb

Bu gün İranın gənclər və idman naziri Məhəmməd Abbasi ilə Azərbaycanın idman və gənclər naziri Azad Rəhimov arasında görüş keçirilib. SİA-nın xəbərinə görə, görüş zamanı "İran İslam Respublikası Milli Gənclər Təşkilatı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun" müddəalarının həyata keçirilməsi, 2013-2014-cü illər üçün İcraiyyə Planının hazırlanması, Azərbaycanla İran arasında gənclər və idman sahələrindəki əməkdaşlığın indiki vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.

İki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin idman sahəsində də inkişaf etdiyini diqqətə çatdıran Azad Rəhimov bildirib ki, yaranan sıx əlaqələr azərbaycanlı və iranlı gənclərin bir-birlərilə təcrübələrini bölüşdürməsinə yardım edir: "Azərbaycan əhalisinin 66% yaşı 35-dən aşağı olan gənclərdən ibarətdir ki, onların da azad və məhsuldar fəaliyyəti üçün 220 qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Ümid edirəm ki, hər iki ölkənin gəncləri münasibətlərin daha da inkişafı üçün lazımi addımları atacaq".

Nazir Məhəmməd Abbasi isə bildirib ki, cəmiyyətdə gənclər məsələsi xüsusi diqqət cəlbedən məsələdir: "Hər iki ölkədə gənclər təşkilatlarının mövcudluğu və fəaliyyətlərinə dəstək göstərilməsi həm İranın, həm də Azərbaycanın bu səhəyə verdiyi önəmin göstəricisidir".

Daha sonra iki ölkənin nazirlikləri arasında 2013-2014-cü illər üçün İcraiyyə Planı imzalanıb.

Qeyd edək ki, iyulun 11-də başa çatacaq səfər çərçivəsində nazir Məhəmməd Abbasi Azərbaycanın idman mərkəzlərinin fəaliyyəti ilə də tanış olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə