DSX Akademiyasının məzunlarının buraxılış tədbiri keçirilib

DSX Akademiyasının məzunlarının buraxılış tədbiri keçirilib

Bu gün Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının məzunlarının buraxılışına həsr olunmuş təntənəli tədbir keçirilib. SİA-nın məlumatına görə, DSX-nın nümunəvi hərbi Orkestrinin müşayiəti ilə Dövlət himni oxunduqdan sonra məzunlara diplomlar təqdim olunub. Dövlət Sərhəd Xidmətinin sıralarına daxil olan gənc leytenantlar "Sərhədçi andı" qəbul ediblər.

Tədbirdə çıxış edən DSX Akademiyasının rəisi, general-mayor Araz Məmmədov məzunları və onların valideynlərini təbrik edib. O qeyd edib ki, artıq akademiya ikinci məzun buraxılışını keçirir. Məktəbdə sərhədçi zabitlərin hazırlanması üçün ən müasir tədris prosesi qurulub. Bu gün leytenant rütbəsi almış iki məzun akademiyanı fərqlənmə ilə bitirib.

Daha sonra çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunları komandanı, General-leytenant Elçin Quliyev gənc zabitləri təbrik edərək onlara tövsiyə və tapşırıqlarını verib. O bildirib ki, 2007-ci ilin iyun ayının 12-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin "Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılması" barədə sərəncam imzalaması Vətənimizin sərhəd mühafizəsinin təkmilləşdirilməsində mühüm rol oynayır.

Gənc zabitlərə cəsarət və igidlik arzu edən Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenat Elçin Quliyev qeyd edib ki, vəzifəmiz Azərbaycan Respublikasının sərhədlərini mühafizə etməkdir. E. Quliyev onu da bildirib ki, bir neçə həftə əvvəl – iyunun 26-da DSX şəxsi heyətinin də iştirakı ilə Bakıda keçirilən hərbi parad Azərbaycan dövlətinin iqtisadi imkanlarını və hərbi gücünü göstərdi: "DSX şəxsi heyəti milli dövlətçiliyin mühafizəsi və inkişafına öz töhfəsini verir. Ali Baş Komandanın rəhbərliyi altında işğal altında olan torpaqlarımızın azad olunacağı günə də çox qalmayıb. Hər bir sərhədçi Ali Baş Komandanına, millətinə və dövlətinə sadiq olmalıdır. Sərhədçinin içdiyi and onun üçün şərəf məsələsidir".

Kursantların təlim-tədrisi ilə yüksək səviyyədə məşğul olmaq üçün bütün şəraiti olan, müasir tələblərə cavab verən memarlıq üslubu ilə fərqlənən Akademiyanın açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin iştirak etməsi qürur hissi ilə vurğulanıb.

Tədbirdən sonra DSX rəisi E. Quliyev məzunlar və onların valideynləri ilə görüşüb. O, Vətənə layiqli övladlar yetişdirən valideynlərə öz minnətdarlığını bildirib.

Valideyn Qabil Əhmədov SİA-ya açıqlamasında bildirib ki, oğlunun sərhədçi olması ilə fəxr edir, ondan bu yolda cəsarət və hünər gözləyir: "Çünki hər bir azərbaycanlının, eləcə də mənim oğlumun müqəddəs borcudur ki, Vətənə xidmət etsin".

Valideyn Yazgül Allahverdiyeva övladının məzun olmasını, leytenant kimi xidmətə başlamasını sevinc göz yaşları ilə qarşıladı: "Oğlum Vətənə xidmət etmək üçün böyüyüb və ömrünün axırına qədər də belə olacaq".

Digət valideyn İradə İmanova da övladının sərhədçi olmasından qürur hissi keçirdiyini və bir valideyn kimi buna çox sevindiyini bildirib.

Qeyd edək ki, gənc zabitlər Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə