Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən buğda ununun istehsalı ilə məşğul olan "Hazartürk LTD" MMC-də dövlət nəzarəti həyata keçirilib.
Komitədən SİA-ya verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun (maddə 11) və ГОСТ 26791-89 standartının (bənd 2) tələbləri pozularaq istehsal olunan I növ buğda ununun üzərində heç bir markalanma aparılmır. Həmçinin hazır məhsulların saxlandığı anbarda məhsulun saxlanma şəraitinə əməl olunmur, dolu kisələr taxta altlıq üzərinə deyil, üst-üstə nəm asfalt-beton üzərinə avtomobil təkərləri, paslı və çirkli ehtiyat hissələri ilə bir yığılır.
Müəssisədə istehsal olunan məhsulların sınaqlarının aparılması üçün laboratoriya mövcud deyil, akkreditasiya olunmuş laboratoriya ilə müqavilə bağlanmayıb, istifadə olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlanışından keçmədən istismar olunur. Bu isə "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununa (maddə 11.1) və ГОСТ 8.513-84 normativ sənədin tələblərinə ziddir.
Aşkar olunmuş nöqsanlarla əlaqədar olaraq müəssisə rəhbərinə məhsul partiya satışının və yararsız ölçmə vasitələrinin istismarının qadağan edilməsi barədə tələbnamələr verilib, İnzibati xəta haqqında protokol tərtib edilib. İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən müəssisənin 4000 (dörd min) manat cərimə olunması barədə qərar qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB