İyunun 26-27-də ANS telekanalında general Əli Ağa Şıxlinskinin məzarı üstündə çəkilən sujet göstərilib. Həmin verilişdən sonra mərhumun həm Bakıda, həm də Qazaxda yaşayan qohumları tərəfindən redaksiyamıza telefon zəngləri daxil oldu. Məsələni araşdırmaq üçün mərhumun qohumları ilə əlaqə saxladıq. Ə.A. Şıxlinskinin qphumlarından biri əməkdar incəsənət xadimi, kinorejissor Ziya Şıxlinski məsələ ilə bağlı fikirlərini SİA ilə bölüşdü.
Ziya Şıxlinskinin fikirlərini olduğu kimi təqdim edirik:
"Həmin sujet bir qohum kimi hamımızın heysiyyətinə çox təsir etmişdi desəm, azdır. Bütün qohumların hiddətlərinin həddi-hüdudu yox idi. Sujetdə deyilirdi ki, generalın qəbri tamamilə baxımsızdır və guya doğmalarından kimsə onu yad etmir, ümumiyyətlə, ora gedib-gələn yoxdur. Bu, çox iyrənc yalandır. Təkcə elə mənim ildə ən azı üç dəfə (onun doğum və ölüm günlərində, eləcə də Novruz bayramında) şanlı ulu babamızın qəbrini ziyarət etdiyimi nəzərə alsaq, bütün bunların hamısı böhtandır. Qəbirstanlıqda işləyən fəhlələrin Cavad adlı briqadiri (mən onların xidmətindən dəfələrlə istifadə etmişəm) və əslən ağdamlı olan saçı-saqqalı ağarmış qoca molla, mənim qəbrin ziyarətinə gəldiyimi və orada təmizlik işləri apardığımı təsdiq edə bilərlər. Yeri gəlmişkən, deməliyəm ki sujetdə göstərilən solğun qərənfilləri də efirdə deyildiyi kimi, Qızıl Aypara cəmiyyəti yox, mayın 20-də qəbrin üstünə mən qoymuşam. Eynən mənim kimi, digər Şıxlinskilər də məzarı zaman-zaman gül-çiçək dəstələri ilə ziyarət edirlər".
"Əli Ağa Şıxlinski 70 il bundan əvvəl burada dəfn olunub. Bəzi strukturların ona marağı yalnız Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı və dövlət müstəqilliyimizin bərpasından sonra başlanıb. O vaxta kimi isə kimsənin yadına düşməyib. Lakin Şıxlinskilərin yaşlı nəsli 1941-1945-ci illər müharibəsindən sonra müntəzəm olaraq Əli Ağa Şıxlinskinin məzarını ziyarət edib və onu həmişə iftixar hissi ilə xatırlayıblar. Məhz onların diqqəti sayəsində məzar bu günə kimi qorunub. Bu ənənəni yaşlı nəsil bizə, biz də öz növbəmizdə daha gənc nəslə ötürmüşük. Sadəcə, nə mən, nə də qohumlarımız bu barədə, qəbr üstünə getməyimiz haqqında car çəkib ictimaiyyətə məlumat verməyi şəxsiyyətimizə sığışdırmamışıq. Bundan belə söz verirəm ki, xatirəsini daim əziz tutduğumuz böyük vətənpərvər insan, əzizimiz general Əli Ağa Şıxlinskinin məzarını ziyarət etdikdə kütləvi informasiya vasitələrini qabaqcadan məlumatlandıracağam",- deyə Ziya Şıxlinski fikirlərinə əlavə edib.
Ziya Şıxlinski sonda onu da qeyd etdi ki, general Əli Ağa Şıxlinskinin qohumları heysiyyət və müqəddəs əcdadlarının xatirəsini təhqir etdikləri üçün ANS tele-radio şirkətinin onlardan üzr istəyəcəyini gözləyir: "Əks təqdirdə, növbəti hər hansı bir addımı atmaq bizim mənəvi və qanuni haqqımızdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB