Şamaxı İH: “Mərkəzi Xəstəxana ilə bağlı yayılan informasiyaların heç bir əsası yoxdur”

Şamaxı İH: “Mərkəzi Xəstəxana ilə bağlı yayılan informasiyaların heç bir əsası yoxdur”

"Son günlər bəzi kütləvi informasiya vasitələrində Şamaxı rayon mərkəzi xəstəxanasının fəaliyyəti ilə bağlı təqdim olunan informasiyalarda göstərilən faktların heç bir əsası yoxdur". Bu barədə məlumatı SİA-ya Şamaxı rayon İcra Hakimiyyətindən veriblər.

Məlumata görə, bu xəbər guya hansısa bir rayon sakininin göndərdiyi məktub əsasında hazırlanıb: "Əgər həmin material rayon sakininin məktubu əsasında hazırlansaydı, Şamaxı rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Elxan Məmmədov ola-ola, onun əvəzinə həmin xəstəxananın şöbə müdiri Ədalət Həmidovun adı yazılmazdı. İkinci isə materialın müəllifinə tövsiyə etmək istəyirik ki, buyurub Şamaxı rayonuna gəlsin və öz gözləri ilə görsün ki, Şamaxı rayonunda fəaliyyət göstərən dövlət xəstəxanalarında vəziyyət heç də onun təsvir etdiyi kimi deyil. Bu gün Şamaxı rayon əhalisinə yüksək səviyyədə təmir olunmuş, müasir tibb avadanlıqları ilə təchiz edilmiş rayon Mərkəzi Xəstəxanası və dünya standartlarına cavab verən Müalicə Diaqnostika Mərkəzi xidmət edir. Həmin xəstəxanalarda həm kifayət qədər peşəkar, həm də vəzifə borcunu ləyaqətlə yerinə yetirən həkim fəaliyyət göstərir. Hansısa bir yalan informasiya əsasında və ya bir nəfərin xoşagəlməz əməli ilə 400-500 nəfərlik bir kollektivi şərləmək ən azı günahdır".

Bütün xəbərlər Facebook səhifəmizdə