Masallıda “Yay məktəbi”nin ikinci turu start götürüb FOTOLAR

Masallıda “Yay məktəbi”nin ikinci turu start götürüb FOTOLAR

İyulun 8-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin gənclər üçün təşkil etdiyi "Gələcəyin liderləri" gənc siyasətçılər üçün "Yay məktəbi"nin II həftəsinin Masallı turu start götürüb. SİA-nın verdiyi məlumata görə, partiyanın gənc fəalları YAP Mərkəzi Aparatının qarşısından Azərbaycan dövlətinin və partiyanın bayraqları ilə bəzədilmiş avtobusla Masallı rayonuna yollanıblar.

Elə həmin gün, gözəl təbiəti olan "Viləş" otelində "Yay məktəbi"nin açılışı olub. Nahardan sonra tədbirdə çıxış edən qrupun məsul şəxsi Kubra Əliyarlı gənclərə uğurlu istirahət və aktivlik arzulayıb. O, deyib ki, partiya artıq uzun müddətdir ki, bu cür "Yay məktəbləri" təşkil edir. "Burada Azərbaycanın müxtəlif bölgələrindən olan gənclər ünsiyyət qurur, fikir və təcrübə mübadiləsi aparırlar. Onların mənalı istirahətinin təşkililə yanaşı, həmçinin siyasi, iqtisadi, ekoloji və digər istiqamətli bilikləri, bacarıqları formalaşdırılır", - deyə Kubra Əliyarlı əlavə edib.

Daha sonra qrup rəhbəri Milli Məclisin deputatı Sədaqət Vəliyeva Azərbaycan dövlətinin, Yeni Azərbaycan Partiyasının gənclərə diqqət və qayğısından, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün yaradılan şəraitdən danışıb. Bir fikir xüsusi olaraq qeyd olunub ki, gənclərimiz onlara yaradılan bu şəraitdən səmərəli istifadə etməli, günbəgün qüdrətlənən, güclənən Azərbaycana öz töhfələrini verməlidirlər. Bunun üçün gənclər elmin sirlərinə dərindən yiyələnməli, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməli, ən əsası Azərbaycan reallıqlarının təbliğində fəal olmalıdırlar. Azərbaycan gəncləri böyük qüvvədir. Birgə səylər, qarşıya qoyulan hər bir məqsədə yüksək səviyyədə nail olmağa stimul verir.

Sonra partiyanın gənc fəalı Kubra Əliyarlı iştirakçılara "Yay məktəbi"ndə müxtəlif layihələr haqqında məlumat verib. Daha sonra hər birində 12 nəfər olmaqla 4 komanda, - "İslam", "Gənc siyasətçilər", "Qələbə" və "Güc birlikdədir" komandaları formalaşdırılıb.

Məlumat üçün bildirək ki, YAP Gənclər Birliyinin "Yay məktəbi"ndə gənclərin seçkiyə hazırlığı kursu baş tutacaq, dövlət gənclər siyasəti mövzusunda seminar keçiriləcək. Eyni zamanda, respublikamızın müxtəlif bölgələrindən olan 50 gənc iyul ayının 8-dən 13-ə kimi kreativ və intellektual bacarıqlarını nümayiş etdirəcək, ayrı-ayrı proqram və layihələrin işlənilməsi təcrübəsini mənimsəyəcəklər.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin həyata keçirdiyi Yay və qış liderlik məktəbləri 2007-ci ildən başlayaraq hər il yay və qış aylarında təşkil olunur. Bu layihələrin əsas məqsədi Azərbaycan ərazisində yaşayan bütün gənclərin bir-birini daha yaxından tanımasını, onların arasında səmimi münasibətlərin yaradılmasını, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını, tanınmış siyasətçilərlə onların görüşlərinin təşkil edilməsini, gələcəkdə müxtəlif sahələrdə çalışacaq bu gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir.

Taleh Bağırov

Bütün xəbərlər Facebook səhifəmizdə