QMİ sədri: "Ehtiyat üçün sabah - iyulun 9-u da oruc tutulacaq"

QMİ sədri: "Ehtiyat üçün sabah - iyulun 9-u da oruc tutulacaq"

"Artıq AMEA-nın Astrofizika İnstitutu ilə danışıqlar aparılıb və QMİ-nin tərtib etdiyi cədvəl əsasında ortaq razılığa gəlinib. Burda yox idim deyə bu fikir ayrılığı cəmiyyətdə, mətbuatda bərk narazılıq yaratdı. Mənim özümə də mütəmadi zənglər olurdu. Mən gələndən sonra AMEA ilə danışıqlar apardıq, araşdırdıq və onlar da razılığa gəldilər ki, Ramazan ayı iyulun 10-dan başlayır". SİA-nın məlumatına görə, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Ramazan ayının başlanması ilə bağlı ölkə ictimaiyyətində yaranan fikir ayrılığına münasibət bildirib.

Onun sözlərinə görə, Şamaxı rəsədxanası ilə QMİ arasında fikir ayrılığı olub və bu artıq həllini tapıb: "Ramazan ayı iyulun 10-dan başlayır. Yenə də bu dəqiq proqnoz deyil, çünki bunu ancaq Allah bilir ki, ay nə vaxt çıxacaq. Heç kim özündən qərar verə bilməz, istəyir əmmaməsi 10 metr olsun, yenə bu barədə qəti qərar verə bilməz. Bu Allahın işidir. Ehtiyat üçün sabah - iyulun 9-u da oruc tutulacaq, çünki, yenə də dediyim kimi, bu ayın görünməsi ilə bağlıdır. Hər ehtimala qarşı biz oruc tutmalıyıq".

QMİ sədri onu da əlavə edib ki, Azərbaycanda azan verilmə məsələsi çətinlik yaradıb: "Dövlətdən xahiş olunacaq ki, azan verilməsi sahəsində ikitirəlik salanlarla bağlı ciddi qərarlar verilsin. Hətta əgər şəxsi balkonundan azan verirsə, başqasını yoldan çıxarırsa və başqa təsirlərə gətirib çıxarırsa, deməli, biz xahiş etməliyik ki, bu məsələdə dövlət bizə kömək etsin. Xüsusilə Ramazan ayında. Çünki burada iftarın açılması ilə azanın verilməsi, səhərin qurtarması və s. söhbəti var. Yəni səhər namazının başlanması söhbəti gedir ki, bəzən görürsən yarım saat qabaq kimlərsə azanı verdi və bununla da insanları hansısa məqsədlə arxasınca apardı. Bizim tərəfdən verilən azanla getmək lazımdır. Əks halda, bu, çoxlu narazılıqlar yaradır. Biz təqvimlər paylamışıq və orada vaxt Şamaxı Rəsədxanası ilə birgə çox aydın göstərilib. Bizim təqdim etdiyimiz hər iki məzhəb üçün yararlı olan azandır. Hami birlikdə azan verməlidir. Hansısa imam, axund bunu pozarsa, ikitirəlik yaradarsa, barəsində ölçü götürəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə