ASAN Səyyar xidmət Salyan və Neftçalanın xidmətində

ASAN Səyyar xidmət Salyan və Neftçalanın xidmətində

"ASAN xidmət" mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edirlər.

SİA-ya verilən məlumata görə, Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində Şirvan və Hacıqabul, Sabirabad rayonunda Sabirabad və Saatlı, Şamaxı şəhərində isə Şamaxı, Qobustan və Ağsu rayonlarının sakinlərinə ASAN Səyyar Xidmət göstərilib.

6-20 iyul tarixində Salyan və Neftçala rayonlarının ümumi sayı 200000-dən çox olan sakinləri ASAN Səyyar Xidmətdən Salyan rayonunda yararlana biləcəklər. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunacaq.

Bu xidmətlərə aşağıdakılar daxildir:

• Notariat fəaliyyəti

• Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi

• Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi

• Sürücülük vəsiqələrinin dəyişdirilməsi

• Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi

• Əmək pensiyalarının təyin edilməsi

• Yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarılışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi

• Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi

ASAN Səyyar Xidmət 2 istiqamət üzrə göstərilməkdədir. Şimal istiqamətində avtobuslar İsmayıllı, Balakən və digər rayonlara, cənub istiqamətində isə Lənkəran, Masallı və digərlərinə səfər edəcək.

Qeyd edək ki, ASAN Səyyar Xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə