Kəmaləddin Heydərov: "Bu oyunlarda gənclərin keyfiyyətli iştirakı da yeniliklərdəndir"

Kəmaləddin Heydərov: "Bu oyunlarda gənclərin keyfiyyətli iştirakı da yeniliklərdəndir"

Qəbələdə ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr edilmiş "Gənc xilasedicilərin I beynəlxalq" və "Gənc xilasedicilərin və yanğınsöndürənlərin II ümumrespublika" beynəlxalq yarışı keçirilib. SİA-nın verdiyi məlumata görə, yarışlarda 6 ölkənin nümayəndələri iştirak edib.

"Bu oyunların ölkələr arasında keçirilməsində birinci məqsəd gənclərin bu yaşdan başlayaraq dostluğunu qurmaqdır. Fövqəladə Hallar Nazirliyinin məqsədi isə ondan ibarətdir ki, ölkəmizin gəncləri gələcəkdə təbii fəlakətlər, texnogen fəlakətlər zamanı öz təhlükəsizliklərini necə qorumağı öyrənsinlər", - deyə fövqəladə hallar naziri Kəmaləddin Heydərov yarış haqqında fikirlərini jurnalistlərlə bölüşəndə deyib.

Nazir qeyd edib ki, yarışın beynəlxalq səviyyədə keçirilməsinin səbəbi dünyanın çox yerlərində belə yarışların olması ilə bağlıdır. K.Heydərov onu da bildirib ki, Azərbaycan komandaları gələcəkdə digər beynəlxalq turnirlərdə də iştirak edəcəklər: "Bu, ölkəmiz üçün maraqlı, həyat üçün vacib olan oyunlardır. Builki oyunlar ötən il keçirilən oyunlardan ilk növbədə miqyasına görə fərqlənirdi. Digər tərəfdən, ötən il texnikalardan istifadə edənlər bizim əməkdaşlar idilərsə, bu il bütün texnikalardan gənclər özləri istifadə edirdilər. Təbi ki, bircə sürücülərdən başqa. Çünki gənclərin sürücülük vəsiqəsi yoxdur. Yerdə qalan bütün alətlərdən, həm kəsici, həm alpinist alətlərinin istifadəsində, həm də başqa xilasetmə əməliyyatlarında uşaqlar özləri iştirak edirdilər".

Kəmaləddin Heydərov həmçinin bildirib ki, məsələ bu gənclərin hər birinin gələcəkdə xilasedici olması deyil: "Bu oyunlarda iştirak edən gənclər öz evlərində, yaxınlarda hansısa hadisə baş verdikdə burda topladıqları bilikləri, təcrübələri istifadə edərək, daha yaxşı, professional şəkildə müdaxilə edə bilsinlər. Bu oyunlarda gənclərin keyfiyyətli iştirakı da yeniliklərdən idi".

Bütün xəbərlər Facebook səhifəmizdə