Şəhid ailələri və əlillərin hüquqları kitabının təqdimatı olub FOTOLAR

Şəhid ailələri və əlillərin hüquqları kitabının təqdimatı olub FOTOLAR

Bu gün Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 10 aprel 2013-cü il tarixindən 10 oktyabr 2013-cü il tarixinə kimi həyata keçirilən layihə çərçivəsində çap olunmuş "Şəhid və əlil ailələrin hüquqları" kitabının təqdimat mərasimini keçirib. SİA-nın verdiyi məlumata görə, mərasimdə Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Rövşən Ağamalıyev, Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun prezidenti Sərraf Oruc, kitabın redaktoru, Səs İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev, QHT və media nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Rövşən Ağamalıyev layihənin məqsədi barədə məlumat verib: "Layihənin başlıca məqsədi "Şəhid və əlil ailələrin hüquqları haqqında" Azərbaycan Respublikası qanununun Bakı şəhərində aidiyyatı orqanlar tərəfindən tətbiq olunmasına nəzarət və bu sahədə şəhid ailələri və əlillərin qarşılarına çıxan sosial problemlərin həllinə kömək etməkdir. Bu məqsədlə "Şəhid ailələri və əlillərin hüquqları" kitabı çap olunaraq müharibədən zərər çəkmiş şəxslərin, aztəminatlı ailələrin, habelə bu qəbildən olan şəxslərin arasında maarifləndirmə işləri həyata keçirilir".

Daha sonra çıxış edən Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun prezidenti Sərraf Oruc bildirib ki, şəhid ailələrinin üzvləri, əlillər və ümumiyyətlə, sosial yardıma ehtiyacı olanlar bu kitabdan istifadə etməklə hüquqi sahədə problemlərini həll edə biləcəklər: "Əslində yerlərdə məmurlar qanunlara lazımi səviyyədə əməl etsələr, əlil və şəhid ailələrinin problemlərini həll etsələr belə layihələrin həyata keçirilməsi də ehtiyac qalmaz. Ona görə də təklif edirəm ki, bu kitabın tirajını artırıb maxtəlif təbəqə insanlar, eyni zamanda məmurlar arasında yaymaq lazımdır".

Kitabın redaktoru Vəli Vəliyev çıxışında bildirib ki, marifləndirmə işi daha geniş sahələri əhatə etməlidir: "Çünki nə qədər ki, əllillərin problemləri var və onlara problemləri süni şəkildə yaradanlar var belə layihələrin davamı olacaq/ Buna baxmayaraq layihəyə uyğun olaraq İctimai Birlik marifləndirmə işini davam etdirir. Mən də çıxış edənlərin fikirlərinə şərik olaraq bildirmək istəyirəm ki, kitabın tirajını artırmaq və geniş oxucu kütlələri arasında yaymaq lazımdır. Şəhid ailələrinin və əlillərin problemləri dövlətin qarşısında duran əsas vəzifələrdən biridir. "Şəhid ailələri və əlillərin hüquqları" kitabının dərc olunması yüksək əhəmiyyətə malikdir".

Daha sonra çıxış edənlər həyata keçirilən layihədə qaldırılmış problemlərin həlli istiqamətində görülən işləri, dərc olunmuş yeni kitabı yüksək qiymətləndiriblər.

Layihə çərçivəsində "Şəhid ailələri və əlillərin hüquqları" kitabı tədbir iştirakçılarına təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə