Rektor redaktorlara Kipr təhsil sistemindən danışdı

Rektor redaktorlara Kipr təhsil sistemindən danışdı

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Şurasında Doğu Akdeniz Universitetinin rektoru ilə bir sıra mətbuat orqanlarının rəhbəri arasında görüş keçirilib. Jurnalistlərin iki dəfə Kiprdə olduqlarını deyən KİVDF sədri Vüqar Səfərli bildirib ki, adıçəkilən universitetdə mindən artıq azərbaycanlı tələbə təhsil alır. Onun sözlərinə görə, 1000 tələbədən 500-ü məhz bu universitetdə oxuyur: "İki ölkə arasında təhsil sahəsində əlaqələr sıxdır".

Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı daimi nümayəndəsi Səadətdin Topukcu Doğu Akdeniz Universitetinin Azərbaycandakı elm və təhsil ocaqları ilə yaxından əlaqələri olduğunu vurğulayıb: "Həqiqətən də yüksək keyfiyyətli təhsil verilir. Orada oxuyan tələbələr təhsil səviyyəsindən məmnun qalırlar. Azərbaycandan olan tələbələrin Kiprdə çoxluq təşkil etməsindən qürur duyuram. Biz xalqlar arasındakı münasibətlərin yaxınlaşması üçün təhsilə önəm veririk".

Onun sözlərinə görə, Kiprə gedən tələbə 5 illik tədris müddətində Kipr xalqı ilə qaynayıb-qarışır və beləcə tərəflər bir-birinin problemlərini öyrənmiş olurlar: "Təhsil sahəsi xalqların bir-biri ilə yaxınlaşmasında mühüm rol oynayır".

Rektor Abdulla Öztorpaq deyib ki, onun rəhbərlik etdiyi universitet dövlət müəssisəsidir: "Universitetimiz 1979-cu ildən fəaliyyətə başlayıb və artıq inkişaf edərək ixtisaslaşıb. 11 fakültəsi var".

O, mühəndislik fakültəsinin ən qədim fakültə olduğunu deyib və ondan əlavə memarlıq, iqtisadiyyat, turizm, tibb və digər fakültələrinin də mövcud olduğunu bildirib.

Universitetdə 14 min tələbə olduğunu deyən rektor bildirib ki, onlardan təxminən 9000-i Türkiyə və Kiprdən olan tələbələrdir.

Onun sözlərinə görə, ABŞ, Rusiya, Qazaxıstan və digər ölkələrdən tələbə mübadiləsi həyata keçirilir: "Azərbaycandan 600-dən artıq bal toplayan tələbə təhsil haqqından azad olunur, yataqxana ilə təmin olunur".

O, bu il 19 azərbaycanlının universitetdən məzun olduğunu söyləyib: "Akkreditasiyaya önəm veririk. Rumlar (Kipr yunanları) çox vaxt bizim universitetin əleyhinə kampaniya aparır. Çox adam soruşur ki, necə olur dövlətiniz tanınmadığı halda universitetiniz başqa ölkədə necə tanınır? Akkreditasiyanı məhz buna görə həyata keçiririk. Başqa dövlətlərin universitetlərinin mütəxəssisləri universitetimiz haqqında ildə gəlib monitorinq apararaq rəy verir".

Rektor qeyd edib ki, Şimali Kipr Türk Cümhuriyyəti tanınmasa da, xalqların bir-birini tanıması və qaynaşmasına heç kəs mane ola bilməz.

Daha sonra çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Kipr insanları çox qonaqpərvərdir. O, təhsilin iki ölkənin əlaqələrinə müsbət təsir göstərdiyini söyləyib: "Kiprdəki təhsil sistemi Azərbaycandakından daha müasirdir. 2 övladım olsaydı onun birini mütləq Kiprdə oxudardım".

MTRŞ sədri Nuşirəvan Məhərrəmli isə iki xalqların mədəniyyətlərinin oxşar xüsusiyyətləri olduğunu vurğulayıb. O, təhsil sahəsindəki əlaqələrin turizm, iqtisadiyyat və digər sahələrə təsir edəcəyini bildirib.

Rektor Abdulla Öztorpaq Doğu Akdeniz universitetinin BDU, Qafqaz Universiteti, İqtisad Universiteti, Turizm, Diplomatik Akademiya və bir sıra universitetlə daim əlaqə saxlandığını və yay düşərgələrinin təşkil olunduğunu söyləyib.

Onun sözlərinə görə, azərbaycanlı tələbələr əsasən biznes, iqtisadiyyat, beynəlxalq əlaqələr, turizm, mühəndislik və jurnalistika sahələrinə üstünlük verirlər: "Tibb sahəsində təhsil haqqı 15 min dollar olduğu üçün bu sahəyə bir qədər maraq azdır".

O, ŞKTC-nin Azərbaycanda dövlət səviyyəsində tanınmadığı üçün universitetin dövlət proqramında iştirak edə bilmədiyini vurğulayıb. Rektor 14 azərbaycanlı müəllimin universitetdə çalışdığını da diqqətə çatdırıb.

Sonda KİVDF sədri tərəfindən qonağa xatirə hədiyyəsi verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə