Fizuli Ələkbərov Lənkəran rayonunda vətəndaşları qəbul edib

Fizuli Ələkbərov Lənkəran rayonunda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi tərəfindən Bakıda və müxtəlif bölgələrdə vətəndaş qəbulları davam etdirilir. SİA-nın məlumatına görə, bu istiqamətdə növbəti tədbir kimi, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin cari ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, nazir Fizuli Ələkbərov Lənkəran rayonunda Astara, Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar rayonlarının sakinlərini qəbul edib.

Qəbul zamanı ümumilikdə 100 nəfərə yaxın sakinin "Açıq qapı" şəraitində müraciətləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılıb və bir sıra vətəndaşların qaldırdıqları məsələlər yerindəcə həll olunub.

Belə ki, müraciətlərinə uyğun olaraq 5 nəfər əlil vətəndaşa əlil arabası, 7 nəfərə sanator-kurort göndərişi verilib, maddi çətinlikləri ilə əlaqədar müraciət edən 10 nəfər əlil vətəndaşa "2013-cü ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı" çərçivəsində birdəfəlik maddi yardım verilməsi üçün nazirlikdəki müvafiq komissiyaya müraciət etmələri tövsiyə olunub.

Mənzillə təmin olunmaq üçün müraciət edən 6 nəfər imtiyazlı vətəndaşa onların yaşadıqları ərazidə gələcəkdə əlil və şəhid ailələri üçün tikiləcək yaşayış binalarında növbəlilik əsasında mənzillə təmin olunacaqları bildirilib, yaşı və səhhəti nəzərə alınaraq Biləsuvar rayon sakini, Böyük Vətən müharibəsi əlili Şamil Qasımova Lifan markalı minik avtomobili verilib.

Nazir Fizuli Ələkbərov digər müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində araşdırılaraq obyektiv və ədalətli şəkildə həllini tapması barədə müvafiq struktur bölmələrinə tapşırıqlar verib. Bununla yanaşı, aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən "Özünədəstək" proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik aztəminatlı ailələr də müəyyən olunaraq, onların aktiv sosial müdafiə tədbirlərinə cəlb edilməsi qərara alınıb.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətlər aidiyyati qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qeyd edək ki, ötən il və cari ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri və nazirliyin digər rəhbər şəxsləri tərəfindən Bakıda və müxtəlif bölgələrdə ümumilikdə 23 dəfə vətəndaş qəbulu, eyni zamanda bölgələrdə yaşayan vətəndaşların videokonfrans sistemi vasitəsilə distant formada qəbulu həyata keçirilib. Qəbullar nəticəsində ümumilikdə min nəfərədək vətəndaşın müraciətləri araşdırılaraq, müvafiq tədbirlər görülüb.

Bununla yanaşı, cari ilin 24 may tarixdə nazir Fizuli Ələkbərov tərəfindən ölkədə ilk dəfə olaraq Nazirliyin rəsmi facebook səhifəsi vasitəsilə 70-ə yaxın, ümumən isə bu sosial şəbəkə üzrə indiyədək 120-ə yaxın müraciət cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə