Standarta əməl etməyənlər cəzalanacaq AÇIQLAMA

Standarta əməl etməyənlər cəzalanacaq AÇIQLAMA

"Azərbaycanda dönər əti istehsal edən müəssisələrin əksəriyyəti məhsullarını sertifikatlaşdırmayıb". SİA-ya açıqlamasında Standartlaşdırma Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı belə deyib. O bildirib ki, cari ilin əvvəlində bişmiş dönərlərlə bağlı dövlət komitəsi tərəfindən standart qəbul edilib: "Standartda dönər ətinin hansı ətdən hazırlanması, ətin tərkibinə olan tələblər, onun təhlükəsizliyilə bağlı məsələlər, kimyəvi, mikrobioloji göstəricilərə olan tələblər, saxlanmasına və istifadə olunmasına dair məsələlər öz əksini tapıb. Standartın tələbləri barədə məlumat ölkədə dönər əti istehsal edən müəssisələrə göndərilib. Çox təəsüf ki, son monitorinqlərdə apardığımız maarifləndirmə işlərinə baxmayaraq neqativ hallar aşkar olunub. Neqativ hallar isə ondan ibarətdir ki, müəssisələr öz məhsullarını laborotoriya sınaqlarından keçirmirlər və ya məhsulları keyfiyyəti üzrə sertifikatlaşdırmırlar".

Bu zaman qanunvericiliyin normativ tələblərinin kobud şəkildə pozulduğunu deyən komitə rəsmisi bildirib ki, aşkar olunan neqativ faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq qərarlar qəbul edilib: "Belə ki, aşkarlanmış nöqsanlarla bağlı fiziki şəxslər 1500-2000 manat, hüquqi şəxslər isə 4000-5000 manat cərimə olunublar. Bu sahə üzrə Dövlət Nəzarət xidməti monitorinqləri davam etdirir".

Fazil Talıblı onu da bildirib ki, Azərbaycanda bu sahə üzrə neqativ hallarla yanaşı, pozitiv hallar da mövcuddur: "Ölkədə çox az sayda normativ qanunlara uyğun şəkildə dönər əti istehsal edən müəssisələr var. 400-ə qədər olan bu müəssisələrin məhsulları tam sertifikatlaşdırılıb və onlar standarta uyğun məhsullar təklif edir".

Bütün xəbərlər Facebook səhifəmizdə