Ajda Pekkan Fəxri Xiyabanı ziyarət edib

Ajda Pekkan Fəxri Xiyabanı ziyarət edib

Bakıda səfərdə olan Türkiyənin məşhur sənətçisi Ajda Pekkan millət vəkili Qənirə Paşayevanın müşayiəti ilə Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib. Daha sonra Fəxri Xiyabanda Azərbaycanın görkəmli siyasi-ictimai və mədəniyyət xadimlərinin məzarları ziyarət edilib.

SİA-nın məlumatına görə, sənətçi Ajda Pekkan Şəhidlər Xiyabanına gələrək 20 yanvar faciəsi qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarlarının üzərinə çiçəklər düzüb. Millət vəkili Qənirə Paşayeva bununla yanaşı sənətçiyə 20 yanvar faciəsi, Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal etməsi zamanı 20 mindən çox insanın şəhid olması, Xocalı Soyqırımı, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki öz yurd-yuvasına dönə bilməməsi haqqında ətraflı məlumat verib.

Sənətçisi həmçinin 1918-ci ildə Bakını bolşevik-daşnak qüvvələrinin işğalından azad etmiş türk şəhidlərinin uyuduğu xiyabanı da ziyarət edib və onların ruhuna dua oxuyub.

Qənirə Paşayeva sənətçiyə eyni zamanda 1918-ci ildə bolşevik-daşnak qüvvələrinin törətdiyi qırğınlar, Qafqaz İslam ordusunun Azərbaycana gəlməsi və Bakının işğaldan azad edilməsi barədə ətraflı məlumat verib: "Bu şəhidlik Azərbaycan və Türkiyə qardaşlığının ən gözəl örnəyidir. Azərbaycanın ən ağır zamanlarında Qafqaz İslam Ordusunun tərkibində buraya gələrək canlarını qurban verib şəhid olmuş Azərbaycan türkləri bugünki və gələcək nəsillərə böyük örnəkdir".

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən sənətçi Ajda Pekkana şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumatlar da verilib. Azərbaycana 9 il bundan əvvəl səfər etdiyini xatırlayan Ajda Pekkan Bakının çox dəyişdiyini, hədsiz gözəlləşdiyini və heyran qaldığını söylədi.

Bütün xəbərlər Facebook səhifəmizdə