Seymur Orucov: "Biz şərq dəyərlərinə sahib çıxaraq, qərb dəyərlərinə inteqrasiya edirik
Azərbaycanda səfərdə olan "Beynəlxalq Gənc Siyasətçilər Məktəbinin" iştirakçıları bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin (YAP GB) fəaliyyəti ilə maraqlanmaq, gələcək əməkdaşlıqlar üçün əlaqələr qurmaq məqsədi ilə GB-nin qonağı olublar. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən YAP GB-nin sədri Seymur Orucov bildirib ki, birlik ölkə daxilində keçirdiyi müxtəlif tədbir və layihələrlə yanaşı, beynəlxalq əlaqələrin qurulmasına da böyük önəm verir: "Bu mənada YAP gəncləri mütəmadi olaraq xaricə səfərlər təşkil edir, həm xaricdə, həm də Gənclər Birliyinin ofisində işgüzar görüşlər keçirir. Bugünkü tədbir də YAP-ın yüksək nüfuzundan irəli gələn görüşdür".
Seymur Orucov Azərbaycanın gənc ölkə olmasına baxmayaraq, bir çox inkişaf edən ölkələrdən üstün olduğunu diqqətə çatdırıb: "Azərbaycanın gənclər ölkəsi olması, bir dövlət olaraq onun ən böyük xoşbəxtliyidir. Biz gənclərimizlə birgə, şərq dəyərlərinə sahib çıxaraq, qərb dəyərlərinə inteqrasiya edirik. Qərb dəyərlərinin əsas aparıcı qüvvəsi də məhz şərqdədir. Elə buna görə də, biz Avropaya inteqrasiya edirik".
Daha sonra Azərbaycanın tarixini özündə əks etdirən video-çarx nümayiş olunub. Nümayişin ardınca Yeni Azərbaycan Partiyasının yaranma tarixi, eləcə də partiyanın bu günə qədər keçdiyi inkişaf yolu haqqında tədbir iştirakçılarına geniş məlumat verilib.
Yenidən çıxış edən sədr Seymur Orucov qeyd edib ki, bəzi bədnam dövlətlərin Azərbaycanla bağlı istəkləri var: "Lakin biz onların bu istəklərinin gerçəkləşməsinə imkan vermək niyyətində deyilik. "Freedom House" qeyri-hökumət təşkilatıdır. Onların ölkəmizlə bağlı yaydıqları məlumatlar etibarlı mənbələrə söykənmir. Bu bir faktdır ki, heç bir dövlətin siyasəti ideal deyil. Müəyyən problemlər var və bu da təbiidir. Qarşıdan prezident seçkiləri gəlir. Seçkilərdə iştirak etmək üçün istər iqtidar, istərsə də müxalifət nümayəndələri üçün lazım olan bütün şərait yaradılıb. İnanırıq ki, builki prezident seçkilərində dövlətimizin bugünkü inkişafının gələcək təminatçısı olan İlham Əliyev yenidən qalib gələrək ölkəmizə rəhbərliyini davam etdirəcək".
Məlumat üçün bildirək ki, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) və Prezident yanında Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Fransa, Almaniya, Bolqarıstan, Ukrayna, Polşa, İtaliya, Türkiyə, Bosniya və Hersoqovina, Moldova ölkələrinin gənc fəallarının qatıldığı görüşdə Yeni Azərbaycan Partiyasının aktiv gəncləri iştirak edib.
Qeyd edək ki, görüşdə YAP və partiyanın Gənclər birliyi haqqında qonaqlara geniş informasiya verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB