AVCİA: "Ölkə mediasında seçki fəallığı azalıb"

AVCİA: "Ölkə mediasında seçki fəallığı azalıb"

"May ayı ilə müqayisədə gözlənilənin əksi olaraq, monitorinq keçirilmiş 12 qəzetdə seçki xəbərlərinin sayının azalması müşahidə olunub". SİA-nın xəbərinə görə, bu fikirləri Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİA) vitse-prezidenti Vəli Əlibəyov iyun ayında seçki xəbərlərinin monitorinqinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında səsləndirib. O bildirib ki, monitorinqdə 12 qəzet iştirak edib: "Bunlardan 4-ü iqtidar, 4 müxalifət yönümlü, 4-ü isə azad qəzetlər olub. Nəticələrə əsasən may ayında olduğu kimi, iyun ayında da daha çox təbliğat materiallarına iqtidar qəzetləri, əks təbliğata isə müxalifət qəzetləri üstünlük verib. Azad qəzetlər isə iş prinsiplərini bitərəflik üzərində quraraq hər iki tərəfə bərabər üstünlük veriblər. Monitorinq göstəricilərinə əsasən seçki xəbərləri ən çox yer alan "Azadlıq" qəzeti (38,02%) olub. Göstəricilərə əsasən ikinci yerdə "Yeni Azərbaycan" qəzeti (20,7%) , üçüncü yerdə isə "Səs" qəzeti (19,77%) olub".

AVCİA-nın seçki qərargahının rəhbəri Məhərrəm Vüqarlı isə bildirib ki, avqust ayının 15-dən sonra ölkədə seçki fəallığı daha da artacaq: "Hazırda paytaxtda müəyyən qədər seçki fəallığı müşahidə olunur. Lakin seçkilərə 2 ay qalmış namizədlər imzatoplama kompaniyalarına və seçki komissiyalarında qeydiyyatdan keçməyə başlayacaqlar ki, bu dövrdə ölkədə seçki fəallığı daha da artacaq".

Təşkilatın seçki qərargahının rəhbəri onu da bildirib ki, bu tipli monitorinqlər iyul ayından etibarən regionlarda keçiriləcək: "Ötən ilki nəticələrə əsasən, Zaqatala seçki fəallığına görə lider rayon idi. Hətta bəzən elə olur ki, ölkənin bəzi rayonları seçki fəallığına görə paytaxt Bakıdan da öndə yer alır. Bu il regionlarda seçki fəallığının necə olduğu isə monitorinqlər nəticəsində məlum olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə