Linas Linkyaviçyus: "Litva Azərbaycandan daha çox sərmayə almaq istərdi" MÜSAHİBƏ
İyulun 1-də Litva Avropa İttifaqı Şurasına rəhbərlik etməyə başlamışdır. Litvanın xarici işlər naziri Linas Linkyaviçyus azərtac-ın müxbirinə müsahibəsində öz ölkəsinin bu qurumda sədrliyinin prioritetləri və Litva-Azərbaycan münasibətlərinin perspektivləri barədə danışmışdır.
- Cənab nazir, məlum olduğu kimi, iyulun 1-də Avropa İttifaqında sədrlik İrlandiyadan Litvaya keçir. Sədrlik proqramında hansı əsas məsələlər nəzərdə tutulur?
- Avropa İttifaqının iqtisadiyyatı bərpa olunmaqdadır. İndi iqtisadi artım, yeni iş yerlərinin yaradılması və rəqabət qabiliyyətinin inkişaf etdirilməsi üçün Aİ üzvü olan dövlətlərin sıx əməkdaşlıq etməsi xüsusilə vacibdir. Aİ onun maliyyə və iqtisadi siyasəti etibarlı olmasını, rəqabət qabiliyyətini təşviq edən, vətəndaşların təhlükəsizliyinə, habelə tərəfdaşlar üçün açıqlığa yönəlmiş təşəbbüslərin köməyi ilə iqtisadi artımın dəstəklənməsini həm öz vətəndaşlarına, həm də bütün dünyaya sübut etməlidir.
İqtisadi və maliyyə böhranını çox uğurla aradan qaldırmış, sabit iqtisadi artımı təmin etmiş ölkələrdən biri olan Litva Aİ-də sədrliyin nəticələrinin də bu cür səmərəli olmasına çalışacaqdır. Biz öz səylərimizi üç əsas məqsəd – etibarlı, inkişaf etməkdə olan və açıq Avropa yaratmaq məqsədləri üzərində cəmləşdirəcəyik.
Aİ Şurasında sədrlik müddətində Litva dövlət maliyyəsi sahəsində tərəqqiyə və maliyyə sabitliyini artırmağa çalışacaqdır. Bu, bazarın Aİ iqtisadiyyatına etimadını tam bərpa etmək üçün zəruridir. Biz həm də "Avropa-2020" strategiyasını, "Avropa semestri" prinsipini rəhbər tutaraq iqtisadi artım və yeni iş yerləri yaradılması haqda sazişi səmərəli şəkildə həyata keçirməyə çalışacağıq. Biz vahid bazarın genişlənməsini və inteqrasiyasını davam etdirəcəyik, bu isə iqtisadi artıma və yeni iş yerləri yaradılmasına kömək edəcəkdir. Litva Aİ Şurasında sədrliyi dövründə çalışacaqdır ki, Avropa İttifaqı dünyada aşkarlıq və təhlükəsizlik nümunəsi olsun. Ölkəmiz özü Aİ-yə daha sıx inteqrasiya etmək və onun Şərq tərəfdaşlarını inteqrasiya etdirmək niyyətindədir. Bu məqsədlə 2013-cü ilin noyabr ayında Vilnüsdə Aİ üzvlərinin və Şərq tərəfdaşlığı layihəsinin iştirakçısı olan ölkələrin sammiti keçiriləcəkdir. Biz azad ticarətin inkişafına şərait yaratmaq, qərarlaşmış beynəlxalq münasibətlərdən bəhrələnmək, Aİ-nin genişlənməsi siyasətini davam etdirmək, xarici sərhədlərə nəzarəti yaxşılaşdırmaq, habelə Avropa İttifaqının xarici energetika siyasətini daha yaxşı əlaqələndirməyə ümid edirik.
Litvanın Aİ Şurasında sədrliyi dövründə biz ədalətli vasitəçi rolunu yerinə yetirməyə, Aİ səviyyəsində müntəzəm qərarlar qəbul olunmasını, işlərin varisliyini təmin etməyə çalışacaq və bütün tərəfdaşları bu prosesdə iştiraka dəvət edəcəyik.
- Litva dondurulmuş münaqişələrə, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqət yetirəcəkdirmi?
- Aydındır ki, Cənubi Qafqazda dondurulmuş münaqişələr bu regionun inkişafına mane olur. Regionda sabitlik və təhlükəsizlik böyük bir problemə çevrilmişdir. Litva ATƏT-də sədrlik edən dövrdə bizim məqsədimiz Cənubi Qafqaz regionunda münaqişələrin tənzimlənməsinə kömək etməkdən ibarət idi.
Biz belə hesab edirik ki, Aİ ilə üç Cənubi Qafqaz ölkəsi arasında münasibətlərin möhkəmlənməsi həm islahatlar və demokratikləşmə prosesinə müsbət töhfə verir, həm də münaqişələrin tənzimlənməsi üçün yeni imkanlar yaradır və regionda sabitliyi möhkəmlədir. Avropa İttifaqı icmalar səviyyəsində dialoqa şərait yaratmaqla etimad tədbirlərindən daha səmərəli istifadə edilməsi yolu ilə bu prosesdə iştirak edə bilər.
Litva ATƏT-in Minsk qrupunun danışıqlar aparmaq səylərini dəstəkləyir, tərəflərin mövqelərini yaxınlaşdırmağa, münaqişənin tənzimlənməsinin və dinc və davamlı həllini tapmağa çalışır.
- Siz Litva ilə Azərbaycan arasında ikitərəfli əlaqələri bütövlükdə necə qiymətləndirirsiniz?
- Litva ilə Azərbaycan arasında çox sıx dostluq əlaqələri yaranmışdır. Litva Respublikası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə komissiyanın üçüncü iclası təzəcə başa çatmışdır. Bu komissiyanın fəaliyyəti Litva ilə Azərbaycan arasında əməkdaşlıq üçün, o cümlədən bizim iqtisadi münasibətlərimiz üçün çox vacibdir. Biz energetika, sənaye, nəqliyyat, rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, səhiyyə, mədəniyyət, turizm, təhsil və başqa sahələrdə bu tərəfdaşlığın nəticələrinin ilbəil yaxşılaşmasına nail oluruq.
Lakin iqtisadiyyat və biznes sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar tapmalıyıq. Litva şirkətləri Azərbaycan bazarında fəaliyyət göstərmək üçün uğurlu tətbiq sahələri tapırlar. Bizim informasiya texnologiyaları müəssisələrimiz Azərbaycanda maliyyə, mobil texnologiyalar, tədqiqatlar və digər sektorlarda öz həllərini artıq indi uğurla tətbiq edirlər. Lakin işgüzar münasibətlərin bütün potensialından istifadə edilmir. Litva Azərbaycandan daha çox sərmayə almaq istərdi.
Litva ilə Azərbaycan arasında siyasi dialoq çox fəaldır və müxtəlif səviyyələrdə inkişaf edir. Bu il Litvanın baş naziri və xarici işlər naziri Azərbaycanda səfərdə olmuşlar. Bir sözlə, dialoq ən yüksək səviyyədədir.
Ən başlıcası, Litva və Azərbaycan təkcə siyasi, diplomatik və iqtisadi səviyyədə əməkdaşlıq etmir. Ölkələrimizin sakinləri arasında mədəniyyət və təhsil sahələrində əməkdaşlıq tədricən daha fəal inkişaf edir. Hər iki ölkədə bizim rəssamların sərgiləri, ifaçıların konsertləri təşkil edilir. Çox xoşagələn haldır ki, litvalı və azərbaycanlı ifaçılar tez-tez qarşılıqlı qastrol səfərlərinə çıxır, tamaşaçılar incəsənətin müxtəlif sahələrinin ən yaxşı nümayəndələrinin yaradıcılığından zövq ala bilirlər. Təhsil sahəsinə gəldikdə, burada da əməkdaşlıq çox səmərəlidir. Litva və Azərbaycan tələbələrinin başqa ölkə universitetlərində təhsilini davam etdirməsi üçün yeni imkanlar yaranır. Keçən tədris ilində Azərbaycandan gəlmiş 100-dən çox tələbə Litva universitetlərində təhsil almışlar.
Nigar Cəfərli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB