Millət vəkili məşhur qonaqları mükafatlandırdı

Millət vəkili məşhur qonaqları mükafatlandırdı

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB "Türk Dünyasını tanıyaq və tanıdaq layihə"si çərçivəsində işıq üzü görən yeni kitab və albomların təqdimatını keçirib. Bununla yanaşı, bir sıra məşhur qonaqları mükafatlandırıb. SİA-nın məlumatına görə, Türkiyədən tanınmış insanların iştirakı ilə keçirilən "Türk Dünyasını tanıyaq və tanıdaq layihə"sinin təqdimatında Azərbaycanın millət vəkilləri, ziyalıları, sənətçiləri ilə yanaşı, Türkiyənin tanınmış sənətçisi Ajda Pekkan, "Samanyolu" televiziyasının STV –nin rəhbəri Hidayət Karaca, Türkiyənin Meram bələdiyyə başqanı Sərdar Kalayçı və müavini, Konyanın 6 bölgəsinin bələdiyyə başqanı, "Beynəlxalq Kərkük Kültür Dərnəyi" təşkilatının sədri Şəmsəddin Kuzəçi, Türkiyənin Azərbaycandakı səfirliyinin Kültür və Tanıtma müşaviri Seyid Əhməd Arslan, KKTC-nin Azərbaycandakı təmsilçisi Sadettin Topukçu, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, "Türk Dünyasını tanıyaq və tanıdaq" layihəsini həyata keçirməkdə məqsəd gənc nəsillərə Türk dünyasını, oradakı insanımızı, mədəniyyətimizi, ortaq tariximizi daha yaxından tanıtmaq və onlarda sahiblənmə duyğularını daha da gücləndirməkdir. Eyni zamanda Türk Dünyasının müxtəlif bölgələrində Azərbaycanı, onun tarixini, mədəniyyətini, gerçəklərini, Qarabağ həqiqətlərini, Xocalı soyqırımını daha geniş tanıtmaq və yaymaqdır. O, layihə çərçivəsində həyata keçirilən işlər, Türk Dünyasının müxtəlif bölgələrində həyata keçirilən tədbirlər, bu istiqamətdə nəşr olunan kitablar, materiallar barədə də məlumat verib.

Tədbirdə qardaş Türkiyədən gəlib iştirak edən dəyərli insanlara Türkiyənin tanınmış sənətçisi Ajda Pekkan, "Samanyolu" televiziyasının STV –nin rəhbəri Hidayət Karaca, Türkiyənin Meram bələdiyyə başqanı Sərdar Kalayçı və müavini, Konyanın 6 bölgəsinin bələdiyyə başqanına və "Beynəlxalq Kərkük Kültür Dərnəyi" təşkilatının sədri Şəmsəddin Kuzəçiyə təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva onlara hər zaman Azərbaycanın təbliğindəki dəstəklərinə, iki qardaş ölkənin müxtəlif istiqamətlərdə əməkdaşlığının genişlənməsindəki rollarına və rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB ilə əməkdaşlıqlarına görə təşəkkürünü bildirib. O, təşkilat adından onlara mükafat və plaketləri təqdim edib. Təşkilat tərəfindən Türkiyənin tanınmış sənətçisi Ajda Pekkan "Bir ömür sənətə və mədəniyyətə xidmət ödülü", Samanyolu Yayın Qrupu Başkanı Hidayet Karaca "Azərbaycan həqiqətlərinin yayılması və Azərbaycan tarixi, mədəniyyəti və gerçəklərinin tanıdılmasındakı", Meram bələdiyyə başkanı Serdar Kalaycı isə Azərbaycan-Türkiyə qardaşlığının və işbirliyinin daha da genişlənməsindəki rollarına" görə mükafatlar ilə təltif ediliblər.

Azərbaycanın yüksək səviyyədə inkişaf etdiyindən çox böyük fərəh keçirdiklərini, Bakının bu qədər gözəlləşməsindən heyran olduqlarını, burada özlərini öz vətənlərində və evlərindəki kimi hiss etdiklərini deyən qonaqlar iki qardaş ölkə arasında münasibətlərin və əməkdaşlığın bundan sonra daha da inkişaf edəcəyinə inandıqlarını deyiblər. Azərbaycana bundan sonra da yüksək inkişaf və xoşbəxtlik arzulayan qonaqlara Azərbaycanın tanınmış modelyeri Gülnarə Xəlilova tərəfindən hazırlanmış Azərbaycan milli geyimləri və əl işləri də təqdim olunub. Azərbaycan mədəniyyətinə heyran olduqlarını deyən qonaqlar millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayevanı təşkilatın həyata keçirdiyi önəmli layihələrlə bağlı təbrik ediblər. Bununla yanaşı, türk dünyasının ortaq mədəniyyətini özündə əks etdirən hədiyyələr təqdim ediblər. Qonaqlar Azərbaycanın tanınmış ziyalıları, sənətçiləri ilə geniş söhbət və fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, tədbir Azərbaycanlı sənətçilərin ifaları ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə