Leysan iki gün davam edəcək

"İyulun 5-də və 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək". SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev belə deyib. O bildirib ki, paytaxtda havanın temperaturu gecə 19-23, gündüz 28-33 dərəcə isti olacaq.

Baş hidroloqun sözlərinə görə, bölgələrdə iyulun 5-də gündüz saatlarında hava şəraiti əsasən yağmursuz keçəcək: "Lakin gecə və axşam saatlarında əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimal olunur. Böyük Qafqaz dağlarının bəzi ərazilərində leysan xarakterli yağışların yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək, havanın temperaturu aran rayonlarında gecə 17-22 dərəcə, gündüz 30-35 dərəcə, dağlarda gecə 9-14 dərəcə, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir. İyunun 6-da əksər rayonlarda hava şəraiti yağmursuz keçəcək. Lakin gecə və axşam Böyük və Kiçik Qafqaz dağlarının bəzi ərazilərində leysan xarakterli yağışlar yağacaq. Aran rayonlarında havanın temperaturunun gecə 17-23 dərəcə, gündüz 32-37 dərəcə, dağlarda gecə 10-15 dərəcə, gündüz 22-27 dərəcə isti olacağı proqnozlaşdırılır".

Bütün xəbərlər Facebook səhifəmizdə