“Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası kitabı”nın təqdimat mərasimi keçirilib FOTO

“Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası kitabı”nın təqdimat mərasimi keçirilib FOTO

Bakıda "Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası kitabı"nın təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirə Azərbaycanın ziyalıları ilə yanaşı, Türkiyənin tanınmış sənətçisi Ajda Pekkan, "Samanyolu" (STV) televiziyasının rəhbəri Hidayət Karaca, Türkiyənin Meram bələdiyyə sədri Sərdar Kalayçı və müavini, Konyanın 6 bölgəsinin bələdiyyə sədri qatılıb.

Tədbirdə həmçinin Beynəlxalq Kərkük Mədəniyyət Dərnəyinin sədri Şəmsəddin Kuzəçi, Türkiyənin Azərbaycandakı səfirliyinin kültür və tanıtma müşaviri Seyid Əhməd Arslan, Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Azərbaycandakı təmsilçisi Sadettin Topukçu və KİV nümayəndələri iştirak ediblər.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, nəşrin redaktoru Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı və Sərvaz Hüseynoğludur.

Kitaba millət vəkilinin uzun illərdir müxtəlif informasiya agentliklərində, qəzetlərdə və jurnallarda dərc olunan "Türk Dünyasını tanıyaq və tanıdaq" layihə çərçivəsində yazdığı geniş məqalələr və yazılar daxildir.

Qeyd edək ki, çoxcildlik kimi nəzərdə tutulan nəşrin birinci cildi millət vəkili Qənirə Paşayevanın Türkiyənin 6 qədim və önəmli bölgələri olan Bursa, İznik, Bayburt, Amasya, İsparta və Karabük (Safraqnbolu) səfərlərini özündə ehtiva edən, maraqlı həyat müşahidələrinə, tarixi və canlı faktlara əsaslanan publisistik əsərlər toplusudur.

Çoxcildlik kitabın digər cildlərinə isə türk dünyasının qədim və önəmli mərkəzləri, bölgələri haqqında Q.Paşayevanın digər məqalələri daxil olacaq. Millət vəkili bildirib ki, kitabın satışından əldə olunacaq bütün gəliri İraq türkməni olan atasız-anasız bir qızın ali təhsil alması üçün Beynəlxalq Kərkük Mədəniyyət Dərnəyinə bağışlayıb.

Ali təhsil almaq imkanından məhrum olan atasız-anasız bir qızın ali təhsil alıb oradakı insanımıza xidmət edə bilməsinə yardımçı ola bilməyi özü üçün önəmli bir məsələ hesab edən Qənirə Paşayeva, bütün imkanlı insanları oradakı çətin şərtlər altında yaşayan qardaş və bacılarımızı unutmamağa və onlara imkanlar daxilində yardımlar göstərməyə çağırıb.

Təqdimat mərasiminə qatılan qonaqlar millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Q.Paşayevanı "Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası" kitabı münasibətilə təbrik edib, çox nəfis şəkildə hazırlanmış bu maraqlı kitab və layihənin əhəmiyyəti barədə fikirlərini söyləyiblər.

Beynəlxalq Kərkük Mədəniyyət Dərnəyinin sədri Şəmsəddin Kuzəçi kitabdan əldə olunan bütün gəlirin İraq türkməni olan atasız-anasız bir qızın ali təhsil alması üçün dərnəyə bağışlanmasını çox yüksək qiymətləndirərək təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə